Azərbaycanın bu qərarı ABŞ-ın bütün planlarının üstündən xətt çəkir - Natiq Miri

13:48 08.12.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“ABŞ öncə Azərbaycana qarşı təzyiq yolunu tutdu, Azərbaycanı bu təzyiq yolu ilə hədələməklə dolayısı ilə Azərbaycanı ABŞ-ın geosiyasi maraqları kontekstində güzəşt edəcəyini və ABŞ-la bu məsələdə bir olacağını hədəfləyirdi. Amma bu alınmadı”.

Bunu hafta.az-a politoloq Natiq Miri Azərbaycan Prezidentinin O Braynla görüşünü şərh edərkən bildirib.

Natiq Miri bildirib ki, bu, ABŞ-ın spesifik yanaşmasıdır. Yəni ABŞ heç bir zaman heç bir dövlətlə bərabərhüquqlu səviyyədə münasibətlər sistemi qurmur:

“Ən azından ortada 10 illər boyu qardaş Türkiyə ilə ABŞ arasında münasibətlər sistemi var. Və heç bir zaman ABŞ-la, xüsusilə də son 10 illərdə Cümhur ittifaqı hakimiyyətdə olduğu, yəni Rəcəb Tayyib Ərdoğanın rəhbərlik elədiyi siyasi hakimiyyət, güc mərkəzi hakimiyyətdəykən ABŞ-Türkiyə münasibətləri tənzimlənmədi. Ona görə ki, hər zaman münasibətlərin tənzimlənməsi ilə bağlı ABŞ-Türkiyə danışıqları nəticə etibarı ilə fiaskoya uğrayıb. Bunun bir səbəbi var, bu da ABŞ-ın yanaşma tərzi ilə bağlıdır. Çünki ABŞ ənənəvi olaraq idarə olunan Türkiyəni istəyir. Ancaq belə bir Türkiyə artıq mövcud deyil. Türkiyə müstəqil, regional, artıq qlobal gücə iddialı olan bir güc mərkəzi kimi sürətlə irəliyə doğru inkişaf edir. Eyni şey Azərbaycanla da bağlıdır. Baxın, bir tərəfdə Azərbaycanın əleyhinə Senatda sanksiya tətbiq olunur, hərbi yardımların dayandırılması, eyni zamanda 907-ci maddənin hər il dayandırılması ilə bağlı qadağa aradan qaldırılır. Və bundan sonra da Azərbaycanla danışıqlar mühitini yumşaltmaq üçün Azərbaycana səfər edilir. ABŞ idarə olunan bir Azərbaycan və geosiyasi maraqları çərçivəsində ABŞ-ın xeyrinə qərar verəcək, ABŞ-ın yanında duracaq bir Azərbaycan istəyir. Əlbətdə ki, bu məsələdə Azərbaycan ABŞ-la danışıqlara açıqdır. Çünki ABŞ hegamon gücdür və proseslərə təsir imkanları mövcuddur. Və Azərbaycan bunu anlayır. Təbii ki, Azərbaycanın dövlət və milli maraqları kontekstində. Bu gün Azərbaycan heç kimə zərrə qədər güzəştə getməyə hazır deyil. Düşünürəm ki, doğru olan da elə budur”.

Bu gün ABŞ-ı təcili qaydada regiona, Azərbaycana səfər etməyə məcbur edən amilə gəlincə, politoloq hesab edir ki, bu, sadəcə olaraq Azərbaycanla münasibətlər sistemini tənzimləmək, yaxud müsbət məcraya daşımaq xarakteri daşımır. Onun sözlırinə görə, ortada ABŞ-ın ciddi geosiyasi maraqları var:

“Bu marağı əsas təşkil edən amil geosiyasi amildir. Bilirsiz ki, regionda yeni yaranan komunikasiya sistemləri var. Və bu yeni komunikasiya sistemləri ortaq dəhliz şəklində özünü büruzə verir. Yəni Çindən başlayan "Bir kəmər bir yol" layihəsini də özünün içərisinə ehtiva edən, Mərkəzi Asiyadan, yəni Qazaxstandan başlayaraq Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa xəttidir. Bu, yeni komunikasiya sistemidir ki, burada əsas nəqliyyat sistemi Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir ki, bu da getdikcə strateji xarakter almağa başlayıb. Bu fonda Gürcüstanın da gələcəkdə Avropa Birliyinə namizədlik statusuna sövq edilməsi və tədricən Rusiyanın təsir dairəsindən Gürcüstanı çıxararaq Qərbə meyillənməsini təmin etməklə ABŞ bu nəqliyyat sisteminə, yeni komunikasiya sisteminə nəzarəti təmin etmək istəyir. İkinci bir xətt yenə də orta dəhliz fonunda Qazaxstandan başlayaraq, yəni artıq bu məsələdə Çini oyundan çıxararaq, yeni komunikasiya sisteminin, nəqliyyat sisteminin Qazaxstandan başlamasını özündə ehtiva edir ki, bu da ABŞ-ın istəyi və tələbidir. Tələb də budur ki, yeni nəqliyyat sistemi Çindən deyil, Qazaxstandan başlayaraq Xəzər dənizi Azərbaycan və Zəngəzur dəhlizi ilə Ermənistandan keçərək Türkiyə və Avropaya çatsın. Burada da əsas geosiyasi məqsəd birincisi Çinin "Bir kəmər bir yol" layihəsini aradan qaldırmaq, Çini oyundan - yeni nəqliyyat komunikasiya sistemindən kənarda saxlamaq, ikincisi, Zəngəzur dəhlisi vasitəsilə Rusiya və İranı oyundan, bu nəqliyyat sistemindən kənarda saxlamaq, Ermənistanı isə bu sistemin içərisinə daxil etməklə dolayısı ilə, Ermənistan vasitəsi ilə bu yeni komunikasiya sistemini də ABŞ-ın öz nəzarətinə keçirmək istəyir. Yəni bir tərəfdən Gürcüstandan keçəcək nəqliyyat sistemi, digər tərəfdən Ermənistandan keçəcək yeni komunikasiya sistemini. Ancaq burda ABŞ-ın geosiyasi maraqlarına ciddi bir təhlükə yaranıb. Bu da Azərbaycanın strateji qərarı ilə bağlıdır. Bilirsiz ki, Zəngəzur dəhlizi ilə bağlı Ermənistan qərar verməyəndən sonra ana Azərbaycanı Naxçıvanla birləşdirəcək yolu İran üzərindən almışdı. Artıq bundan sonra Azərbaycan həm avtomobil, həm də gələcək perspektivdə dəmir yolu vasitəsi ilə Naxçıvana və Türkiyəyə çıxışı təmin edəcək. Və bu, İran üzərindən olacaq. Azərbaycanın bu qərarı ABŞ-ın bütün planlarının üstündən xətt çəkir. Ona görə ABŞ təcili qaydada Azərbaycandan tələb edir ki, bu komunikasiya sistemi İran üzərindən deyil, Ermənistan üzərindən Zəngəzur dəhlizi vasitəsilə həyata keçirilsin. Obraynın əsas gəliş səbəbi bu idi. Və bu kontekstdə əlbətdə ki, Ermənistanla təcili sülhə ehtiyac var ki, bu layihənin həyata keçirilməsi mümkün olsun. ABŞ ona görə belə tələsir. Ancaq bunun baş verməsi üçün Azərbaycana gərək ABŞ nəsə versin ki, nəsə ala bilsin. Əsas müzakirə olan predmet bundan ibarət olub. Və bu, müsbət həllini taparsa, yəni Azərbaycanın maraqları çərçivəsində bu sülh müqaviləsi baş tutarsa, Azərbaycan bu məsələyə müsbət baxa bilər.”

Azərbaycanın əvvəl də Zəngəzur dəhlizinin açılmasının tərəfdarı olduğunu dəfələrlə qeyd etdiyini vurğulayan N.Miri bildirdi ki, İranla belə bir nəqliyyat sisteminin olması, yəni İran ərazisi üzərindən olması Azərbaycana heç bir əngəl yaratmır. Əksinə, Naxçıvana şaxələndirilmiş alternativ nəqliyyat lojistik sistemlərinin mövcudluğu Azərbaycanın mövqelərini gücləndirən amillərdir:

“Ona görə Azərbaycan bu məsələyə yox demir. Ancaq bu, Azərbaycanın maraqları çərçivəsində olmalıdır. Necə? Bu sualın cavabı ondadır ki, Zəngəzur dəhlizi, yəni Ermənistan üzərindən yol açılacaqsa, Azərbaycan maneəsiz şəkildə Naxçıvana getməyi düşünür. Yəni heç bir gömrük, sərhəd və digər maneələr olmadan, çox sadələşdirilmiş şəkildə maneəsiz bir keçidi Azərbaycanın istəyi özündə ehtiva edir. Əgər ABŞ Ermənistanı buna razı salacaqsa və sülh müqaviləsində Azərbaycanın beynəlxalq hüquq çərçivəsində ortalığa qoyduğu sülh mətnini Ermənistan qəbul edəcəksə, düşünürəm ki, onda ABŞ-ın bu tələbləri, yəni Zəngəzur dəhlizinin açılması tələbi qəbul edilə bilər. Bir şərtlə ki, artıq ABŞ Qarabağda mövcud olan seperatizm, eyni zamanda, Qarabağdan öz xoşu ilə getmiş ermənilərin qeyd-şərtsiz Azrəbaycana qayıtması və bu xüsusda rus hərbi kontingentinin Qarabağdan çıxarılması və bunu ABŞ hərbi kontingenti, yaxud Beynəlxalq hərbi missiya ilə əvəz olunması və ermənilərin qayıdışının hüquq və təhlükəsizliyinin təminatı ilə məhz bu missiyanın məşğul olması kimi tələblərindən vaz keçsin. Düşünürəm ki, Azərbaycan da bu yeni reallıqları ABŞ nümayəndəsindən tələb edir. Bu şərtlər qəbul olunduğu təqdirdə Azərbaycan Ermənistan üzərindən bu dəhlizin açılmasına razılıq verə bilər. Eyni zamanda həm də ABŞ-ın vasitəçi kimi xarici işlər nazirlərinin növbəti görüşünün Vaşinqtonda keçirilməsinə də razılıq verə bilər. Yetər ki, Azərbaycanın yaratdığı yeni reallıqlar tam olaraq ABŞ tərəfindən qəbul olunsun. Düşünürəm ki, bu yolda müsbət və konstruktiv danışıqlar aparılıb. Bunun nəticələri yaxın zamanlarda bəlli olacaq. Yəni əgər ABŞ-da növbəti dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaqsa, bu sualın cavabı o olacaq ki, ABŞ Azərbaycanın şərtlərini qəbul edib”.

Oxunma sayı 59
Siyasət rubrikasından digər xəbərlər