“Çin - Rusiya münasibətləri çətin dəyişikliklərin sınağından keçir” – Si Cinpin

10:45 22.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çin Dövlət Şurasının sədri Si Cinpin iki ölkənin hakim partiyaları - Çin Kommunist Partiyası və Vahid Rusiya Partiyasının 10-cu Dialoq Mexanizmi Toplantısına yazdığı yazılı müraciətdə iki ölkə arasındakı əlaqələrin “yeni model münasibətlərə nümunə olduğunu” qeyd edib.

Hafta.az-ın yazdığına görə, dünyanın bir əsrdə görülməmiş sürətli dəyişikliklərdən keçdiyinə, yeni bir qarışıqlıq və transformasiya dövrünün yaşandığına diqqət çəkən Si, "Çin-Rusiya münasibətləri beynəlxalq arenada çətin dəyişikliklərin sınağına baxmayaraq, ayaqdadır və davam edir, qlobal inkişaf və sabitlik üçün getdikcə daha mühüm strateji rol oynayır” deyib.

2024-cü ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 75-ci ildönümünü qeyd edəcəyini xatırladan Si, Çinin mehriban qonşuluğa söykənən dostluğunu, hərtərəfli strateji koordinasiyanı və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyini, iki ölkənin inkişafı və dirçəlişinə kömək edəcəyini, dünyaya daha çox müsbət enerji gətirəcək sabitliyin təmin edilməsi üçün birgə fəaliyyətə hazır olduğunu vurğulayıb.

Si Cinpin qeyd edib ki, hakim partiyalar arasında dialoq və əməkdaşlıq iki ölkə arasında siyasi etimadın möhkəmlənməsinə müsbət töhfə verib.

Xatırladaq ki, Çin lideri mart ayında keçirilən Ümumçin Xalq Nümayəndələri Konqresində yenidən prezident seçildikdən sonra ilk xarici səfərini Rusiyaya edib. Səfər zamanı Putinə müraciət edən Si, "Hazırda dünya əsrdə bir dəfə baş verən dəyişikliyi yaşayır və biz bu dəyişikliyə rəhbərlik edirik" deyib.

Səfər zamanı münasibətlərin yeni müstəviyə yüksəldilməsi ilə bağlı konsensus əldə olunub, Pekinlə Moskva arasında strateji əməkdaşlığın qlobal miqyasda genişləndirilməsi vurğulanıb.

Cənab Si İsrailin Qəzza zolağında apardığı müharibəyə də toxunub. Dövlət başçısı tərəflərin daha çox insan tələfatı və insan iztirablarına səbəb olacaq hərəkətlərdən çəkinməli olduğunu vurğulayıb.
Si, "Qəzza xalqının zorla köçürülməsi, elektrik enerjisi, su və yanacaqdan məhrum edilməsi yolu ilə onların kollektiv cəzalandırılmasına son qoyulmalıdır" deyib.

Humanitar yardım dəhlizlərinin təhlükəsiz və açıq olması zərurətinə diqqət çəkən Si Cinpin, Qəzza xalqına daha çox humanitar yardım göstərilməsinə çağırıb. “Çin Qəzzada münaqişənin genişlənmə və yayılma tendensiyasından dərin narahatdır. Beynəlxalq ictimaiyyət münaqişənin yayılmasının qarşısını almaq, Yaxın Şərqdə sabitliyi qorumaq üçün addımlar atmalıdır”, - Çin lideri deyib. 

İsrail-Fələstin probleminin kökünün uzun müddətdir Fələstin xalqının mövcud olmaq, öz torpaqlarına qayıtmaq və dövlət qurmaq hüququna məhəl qoyulmaması olduğunu vurğulayan Si, bu problemə son qoymağın yeganə real yolunun Fələstinə öz hüquqlarını vermək olduğunu vurğulayıb. Bu hüquqların başında isə iki dövlətli həll yolu və müstəqil Fələstin dövlətinin yaradılması dayanır.

Fələstin probleminin ədalətli həllinə nail olmadan Yaxın Şərqdə daimi sülh və təhlükəsizliyin əldə edilməyəcəyini vurğulayan Si, Fələstin probleminin hərtərəfli, ədalətli və davamlı həllini tapmaq üçün beynəlxalq sülh konfransının çağırılması çağırışını təkrarlayıb.