Çinlə Hindistan arasında sərhəd mübahisəsinin davam etdiyi bir vaxtda, Çinin Qərb Cəbhəsi Komandanlığının sözçüsü Long Şaohua, sərhəd problemlərini aradan qaldırmaq üçün iki ölkə arasında Mövcud Nəzarət Xəttinin (LAC) Çin tərəfində qalan Moldoda dünən keçirilmiş 13-cü etap müzakirələr başa çatar-çatmaz açıqlamal verib.
Hafta.az yazır ki, L.Şaohuanın sözlərinə görə, məhz Hindistanın əraziləri güzəştə getməməsi üzündən danışıqlar müsbət nəticə vermir.

Hindistan Quru Qoşunlarının Komandanı general Manoj Mukund Naravane isə görüşdən öncə bildirmişdi ki, Çin tərəfi sərhədə çoxlu əsgər, hərbi texnika yığıb və üstəlik, cəbbəxanasını gücləndirmək üçün sərhədin o tayında infrastruktur inşa edib.
"Bu Çinin bölgədə qalma niyyətində olduğunu göstərir. Bütün baş verənləri yaxından izləyirik. Əgər onlar qalma niyyətindədirsə, biz də qalmağa məcburuq", - General Naravane deyib.
Qeyd edək ki, Ladax bölgəsindəki Galvan vadisində ötən il iyun ayının 20-də Çin əsgərlərinin Hindistan sərhədçilərinə hücum etməsi nəticəsində 20 hind hərbçisi həlak olmuşdu. Çin də həmin toqquşmada 4 əsgərinin öldüyünü təsdiqləmişdi. Toqquşmadan sonra tərəflər bölgədə canlı qüvvə və ağır silahların sayını artırmışdı ki, bu da iki böyük ölkə arasında müharibə ehtimalını yaratmışdı. İki ölkənin hərbi heyətləri arasında bu ilin yanvar ayında keçirilmiş sayca 9-cu görüşdə tərəflər öz qüvvələrini sərhəddən geri məkməyə dair razılığa glmişdilər.
Xatırladaq ki, Çinlə Hindistan arasındakı Himalay dağlarının qoynundan keçən sərhəd xətti zaman-zaman ölkələr aarsında qarşıdurmalara səbəb verir. Çaylar, göllər, buzlaq və qarlı zirvələrin yerləşdiyi 3500 kilometrlik sərhəddə tərəflər dəfələrlə qarşı-qarşıya gəliblər. Rəsmi Pekinin "Cənubi Tibet" kimi tanıdığı Hindistanın Arunaçal Pradeş vilayətindəki 90 min kvadratkilometrlik torpaqda haqqının olduğunu iddia edərkən, Dehli hökuməti də Aksay - Çin platolarını əhatə edən 38 min kvadratkilometrlik ərazinin Çin tərəfindən işğal olunduğunu bildirir.