“Azərbaycan qlobal platformalarda təşəbbüskar mövqedə iştirak edən bir ölkədir. Belə bir şəraitdə Azərbaycanın “COP 29”a evsahibliyi etməsinin gerçəkləşməməsi təəccüb doğura bilərdi. Bu, Azərbaycanın haqqıdır. Təbii ki, Azərbaycanın iradəsi, istəyi, iqlim dəyişikliyi ilə bağlı ortaya real işlər qoyması “COP 29”-a ev sahibliyi iddiasında həlledici rol oynadı”.
Bunu hafta.az-a siyasi ekspert Aydın Quliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransının(COP 29) Azərbaycanda keçirilməsinin ölkəmiz üçün əhəmiyyətini şərh edərkən bildirib.
A.Quliyev qeyd edib ki, bizə düşmən mövqedə dayanan Ermənistanın öz namizədliyini geri götürərək Azərbaycanı dəstəkləməsinə sülh prosesində yumşaldıcı jest kimi yanaşsaq da, “COP 29”-a ev sahibliyimizin heç də Ermənistanın bu jestindən asılı olduğunu söyləyə bilmərik.
Ekspert hesab edir ki, Ermənistanın bu məsələdə verdiyi dəstək, bu ölkənin özünün barışığa doğru niyyətinin ifadəsi olmaqla yanaşı, həm də COP 29-a ev sahibliyi uğrunda mübarizənin acısını yaşamadan meydandan çəkilməsi baxımdan əlamətdar sayıla bilər.
“Azərbaycanın COP 29-a ev sahibliyi etməsində Ermənistanın səsi həlledici rol oynamadı. Azərbaycan onsuz da qalib gələcəkdi. Çünki Azərbaycan bu Konfransa qədər qlobal nailiyyətlərə imza atıb. Eyni zamanda, BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına 4 il sədr seçilməklə növbəti dəfə qlobal bir plotformanın sahibinə çevrilmişdi. Və 3-cü dəfə COP 29-a ev sahibliyi etməsi onu göstərir ki, Azərbaycan Ermənistanın dəstəyi olmadan da qalib gələcəkdi”.
Ekspert bildirib ki, Azərbaycanın iqlim dəyişmələrinin ziyanlı təsirlərinin aradan qaldırılması barədə özünün mühüm xidmətləri var.
“Azərbaycan bu istiqamətdə böyük öhdəliklər götürüb. 2030-cu ilə qədər zərərli maddələrin 35 faizə qədər azaldılması, eləcə də 2040-cı ilə qədər daha 50 faiz azadılması Azərbaycanın üzərinə götürdüyü öhdəlikdir və istiqamətdə uğurlu addımlar atır. Azərbaycanla bağlı beynəlxalq monitorinqlər göstərir ki, iqlim dəyişmələri ilə bağlı ölkəmiz öz üzərinə düşən məsuliyyət payını çox yüksək səviyyədə həyata keçirir. Əlbəttə ki, bütün bunlar nəzərə alınmalı idi”.