Son günlər dünyada COVID-19-un yeni ştammlarının sürətlə yayılması müşahidə olunur. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı da narahatlığını ifadə edib. Qurumun yaydığı məlumatına görə, son 1 ayda dünya üzrə yoluxanların sayı 38 faiz artıb. Avropada yoluxmaya artım 39, Sakit okeanın qərbində 52, Aralıq dənizinin şərqində isə 113 faiz təşkil edir. Yoluxmaların artmasına koronavirusun sonradan ortaya çıxan yeni variantlarının, xüsusən də eris olaraq bilinən Eg.5 və Pirola adlandırılan BA.2.86-nın səbəb olduğu qeyd edilir. Hazırda ABŞ-də COVID-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. ABŞ-də gündə 650 mindən artıq amerikalıda COVID aşkarlanır və yaxın aylarda ölkə əhalisinin 10 faizə yaxınının virusa yoluxacağı proqnozlaşdırılır. Ölüm halları avqustla müqayisədə 5 faiz artıb. Son həftə ərzində ABŞ-də COVID-ə görə xəstəxanaya yerləşdirilənlərin sayı 8,7 faiz, ölüm halları isə 4,5 faiz artıb. ABŞ Federal Səhiyyə Təşkilatı amerikalıları COVİD-19-a qarşı vaksin olunmağı tövsiyə edib.
Almaniya, Fransa, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda da yoluxma sayında kəskin artım qeydə alınıb. Almaniyada gündəlik yoluxmaların sayının son dörd həftə ilə müqayisədə iki dəfə artdığı açıqlanıb. Almaniyada eris və digər alt variantlara qarşı təsirli olduğu iddia edilən yenilənmiş peyvəndlər bu gündən etibarən tətbiq olunmağa başlasa da, Fransada peyvənd kampaniyası 2 həftə erkənə alınıb. Fransadakı peyvənd kampaniyasında ilkin olaraq XBB.1.5-ə uyğunlaşdırılmış yeni Pfizer peyvəndi istifadə ediləcək. O cümlədən, Latviyada yayda test nəticələrinin 5-10% pozitiv olduğu halda, hazırda bu rəqəm artıq 25 faizə yaxınlaşır. Ölkə əhalisinə bir həftə evdə qalmaq və digər şəxslərlə kontakt qurmamaq, küçəyə çıxan zaman isə respiratorlardan istifadə tövsiyə olunur. Rusiyanın Altay vilayətində COVID-ə yoluxma artdığına görə 49 məktəbdə karantin məhdudiyyətləri tətbiq olunub, 6 məktəb isə ümumiyyətlə karantinə bağlanıb. “Suqruntenfqaz”da yenidən maska rejiminə keçid müzakirə olunur. ÜST risk zonasında olanlar, əsasən, immuniteti aşağı olan yaşlı təbəqəni revaksinasiya olmağa çağırır.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı mayın 18-də vaksinlərin dominant XBB.1 ştammlarına uyğunlaşdırılmasını tövsiyə edib. Avropa bazarlarında XBB.1.5-i hədəf alan üç yeni vaksin hazırlanıb. Avropa Səhiyyə Agentliyi sentyabrın 1-də BioNTech-Pfizer-in RNT peyvəndinin Avropada marketinq icazəsini təsdiqləyib. Modernanın oxşar peyvəndi də sentyabrın 15-də təsdiqini alıb. Novavax-dan zülal əsaslı peyvənd isə hələ qiymətləndirilmə mərhələsindədir. Avropa Səhiyyə Agentliyi qeyd edir ki, hər üç peyvənd ümidverici effektivlik əlamətləri göstərir.
Bəs, görəsən, bununla bağlı Azərbaycanda vəziyyət necədir? Bu virusla əlaqədar qaydalar yenidən sərtləşdirilə bilərmi?
Qeyd edək ki, koronovirusun yeni ştammı ilk dəfə bu ilin fevralında qeyd alınıb. Onun bu gedişlə daha sürətlə yayılması, ölkəmizə çatması da istisna olunmur. Hazırda Azərbaycanda yoluxma səviyyəsi aşağı olsa da, son 1 həftədə artım müşahidə olunur. Belə ki, Azərbaycanda son 1 həftə ərzində (11-17 sentyabr) koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb. Bu müddətdə COVID-19-a yoluxan 127 nəfər sağalıb. İndiyədək ölkədə ümumilikdə 832 580 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 822 131 nəfər müalicə olunaraq sağalıb, hazırda 147 aktiv xəstə var. Bu günə qədər 10 302 nəfər vəfat edib. Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 012, bu günə qədər isə ümumilikdə 7 680 488 test icra olunub. Eyni zamanda ölkədə son həftə ərzində 223 nəfər vaksinasiya olunub. Lakin hələlik Azərbaycanda koronavirusun "Eris" variantının yayılması barədə rəsmi məlumat yoxdur. Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Vasif Əliyev deyib ki, COVID-19-un yeni ştammi, həmçinin qrip, digər respirator infeksiyalar nisbətən yüngül formada keçdiyindən xəstələr əksər hallarda test vermək üçün xəstəxanaya və poliklinikalara müraciət etmirlər, ev şəraitində simptomatik müalicə alırlar: “Hazırda qonşu ölkələrdə COVID-19-un yeni variantı aşkarlanıb. COVID-19-un yeni ştammi, həmçinin qrip, digər respirator infeksiyalar nisbətən yüngül formada keçdiyindən xəstələr əksər hallarda test vermək üçün xəstəxanaya və poliklinikalara müraciət etmirlər, ev şəraitində simptomatik müalicə alırlar. Bu isə öz növbəsində belə infeksiyalara yoluxmuş insanların rəsmi qeydiyyata alınmasını çətinləşdirir. Vətəndaşlarımıza bildirmək istərdim ki, bütün respirator infeksiyalardan qorunma tədbirləri eynidir. Sanitar və gigiyenik qaydalara riayət edilməsi vacibdir. Bura sosial məsafənin gözlənilməsi, xəstə insanın ev şəraitində izlənilməsi, əl təmizliyi kimi qaydalar və.s. aiddir".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) də COVID-19-un alt variantı olan və “eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva qeyd edib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır.
O vurğulayıb ki, xüsusilə, ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştamlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştamdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştamların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur".
Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi deyib ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştamlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir".