Dərmanlar ucuzlaşacaq - Müzakirə

13:39 21.09.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, bu yaxıınlarda Tarif Şurasının iclasında hazırkı vaxtadək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərar qəbul edilib. Bu qərar sentyabrın 15-dən qüvvədədir.

Qeyd edək ki, sözügedən qərar qəbul olunanadək dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri həmin vahid qiymətə satılırdı. İndi isə həmin vahid qiymətlər yuxarı hədd olaraq təsdiq edilib, yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər.

Yeri gəlmişkən xatırladaq ki, Prezident İlham Əliyevin 15 avqust 2023-cü il tarixli Fərmanı ilə “Dərman vasitələri haqqında” Qanunda və bu Qanunun tətbiqi barədə Fərmanda dəyişiklik edilib. Bu dəyişikliklərlə dərman vasitələrinə əlçatanlılığın təmin olunması, çeşid sayının, keyfiyyətə nəzarətin artırılması və daha aşağı qiymətə satılması məqsədilə tələblər müəyyənləşdirilib, bununla əlaqədar olaraq aidiyyəti qurumlara bir sıra məsələlərin yaxın zamanlarda həlli tapşırılıb. Tarif Şurasının bu qərarı məhz həmin dəyişiklikdən irəli gələrək qəbul edilib.

Proqnozlara görə, qəbul edilmiş qərar dərman vasitələrinə əlçatanlığın yaxşılaşdırılmasına, bu sahədə daha əlverişli rəqabət mühitinin yaradılmasına və əhali tərəfindən dərman vasitələrinin tənzimlənmiş qiymətlərdən aşağı qiymətə alınmasına imkan verəcək.

Mövzu ilə bağlı iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, bu addım müxtəlif qiymət intervalının yaranmasına səbəb olacaq: “Artıq dərman vasitələrinə aid qiymətlərin yuxarı həddi tənzimlənib və bunun da gələcəkdə dərman bazarında təbii rəqabətin formalaşmasına müəyyən müsbət təsirləri olacaq. Belə ki, əvvəllər dərman vasitələrində vahid qiymət sistemi var idi və bütün apteklər adı çəkilən vasitələri eyni qiymətə satırdı. Bu da həm sahibkarlar arasında rəqabət mühitinin olmamasına, eyni zamanda, həvəsləndirici tədbirlərin yoxluğuna gətirib çıxarırdı. Digər tərəfdən, bu faktor bəzi dərmanların qıtlığına səbəb olurdu. Buna səbəb də sahibkarların həmin dərmanları ölkəyə gətirmək istəyinin olmamasıyla bağlı olurdu. Beləliklə, satış problemləri yaranırdı.İndi isə həm topdan satış depolarında, həm pərakəndə satış apteklərində qiymətlərin yuxarı həddi tənzimlənir. Bu da öz növbəsində müxtəlif qiymət intervalının yaranmasına səbəb olur. Nəticədə əhalinin daha ucuz qiymətlərlə dərman alışı üçün şərait yaranacaq. Əgər əvvəllər bir dərman 10 manata satılırdısa, indi 9-9,50 manat civarında satışı həyata keçirilə bilər. Həm də bu topdan satış qiymətlərinə də müəyyən təsirləri olacaq və qiymət intervalı tələb-təklif əsasında müəyyənləşdiriləcək”.

Məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov da qeyd edib ki,Tarif Şurasının dərman vasitələrinin qiymətlərinin yuxarı həddini təsdiq etməsi ilə ölkədə dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsi və qiymətlərin optimallaşdırılması nəzərdə tutulur: "Bu qərar vətəndaşların dərmanlara əlçatanlığının artırılması baxımından vacibdir, insanların daha ucuz dərman almasına səbəb olacaq, eyni zamanda, əvvəlki dövrlərdə tapılmayan və qıt hesab edilən dərmanların artıq optimal qiymətə apteklərdə satılmasına imkan verəcək”.

Deputat vurğulayır ki, dərman preparatlarının qiymətlərinin tənzimlənməsi, keyfiyyətin artırılması uzun müddət diqqət mərkəzində olub: "Dövlət başçısının müvafiq fərmanı ilə “Dərman vasitələri haqqında” qanuna edilmiş dəyişikliklərlə 13 dövlət qurumunun təmsil olunduğu Tarif Şurasına dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddinin təsdiq edilməsi tapşırılmışdı”.

Onun fikrincə, dərman bazarı vətəndaşların ən çox müraciət etdiyi bazarlardan biri olduğu üçün burada qiymətlərin optimallaşdırılması və bəzi məhsullar üzrə ucuzlaşma, eyni zamanda keyfiyyətin artırılması sosial təminat baxımından önəmlidir: “Nəticədə vətəndaşların dərman xərcləri azalacaq. Bu isə ümumilikdə ailələrin xərclərini azaldacaq.

Bu qərar sosial xarakter daşıyır, vətəndaşlarımızın sosial təminatına dəstək kimi qiymətləndirilməlidir”.