Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) tədqiqatçıları, dünyanın qlobal silah tədarükçülərinin gəlirlərinin, xüsusilə Ukrayna müharibəsi ilə birlikdə artan tələbləri ödəyə bilməmələrinə səbəb olan istehsal problemləri üzündən 2022-ci ildə azaldığını bildirib.
Hafta.az-ın yazdığına görə, SIPRI-nin dərc etdiyi yeni hesabatda deyilir ki, dünyanın 100 ən böyük silah şirkətinin silah satışı və hərbi xidmətləri 2021-ci ilə nisbətən 2022-ci ildə 3,5 faiz azalaraq 597 milyard dollara (549 milyard avro) düşüb.
SIPRI-nin tədqiqatçısı Dieqo Lopez da Silvanın fikrincə, geosiyasi gərginlik, eləcə də Rusiyanın Ukraynaya müdaxiləsi silah və hərbi texnikaya qlobal tələbatı artırıb. Lakin silah şirkətlərinin gəlirlərinin azalması gözlənilməz bir hadisə idi.
Lopez da Silva mövzu ilə bağlı qiymətləndirməsində deyib: “Gəlirlərdəki bu azalma əslində Ukraynadakı müharibə kimi artan tələb şoku ilə şirkətlərin bu tələbi ödəmək üçün istehsallarını artıra bilmələri arasında zaman fərqinin olduğunu göstərir”.
SIPRI-yə görə, azalma əsasən ABŞ-da əsas silah istehsalçılarının koronavirusun yayılması səbəbindən “təchizat zənciri problemləri və işçi çatışmazlığı” ilə üzləşməsi ilə bağlıdır. Təkcə ABŞ 2022-ci ildə silah satışında 7,9 faiz azalma qeydə alıb. Halbuki həmin il qlobal silah gəlirlərinin 51 faizi ABŞ-a gedib. Dünyanın 100 ən böyük silah istehsal edən şirkətindən 42-si ABŞ-da yerləşir.
ABŞ-ın silah tədarükçüləri təchizat zəncirlərindəki fasilələrə qarşı xüsusilə həssasdırlar. Çünki istehsal etdikləri silah sistemləri başqa yerlərə nisbətən daha mürəkkəbdir. Lopez da Silvanın fikrincə, bu, tədarük zəncirinin daha mürəkkəb olması, daha çox mərhələdən keçməsi və beləliklə, onu daha həssas hala gətirməsi deməkdir.
SIPRI-nin hesabatına görə, Rusiyada da silah istehsalçılarının gəlirləri 12 faiz azalaraq 20,8 milyard dollar olub. Bu azalmanın qismən də Rusiyaya tətbiq etdiyi sanksiyalarla bağlı olduğunu deyən Lopez da Silva bunun həm də Rusiyanın dövlət borclarını gecikdirməsinin nəticəsi ola biləcəyini əlavə edib.
SIPRI-nin məlumatına görə, Rusiyada silah istehsalçılarının şəffaflığı azalıb, yalnız iki Rusiya şirkəti ilk 100-lük siyahısına “natamam məlumatlara görə” daxil edilib.
Digər tərəfdən, hərbi texnika istehsalı protokollarının daha az mürəkkəb olduğu Yaxın Şərq, Asiya və Sakit Okean kimi dünyanın digər yerlərində istehsalçılar tələbləri ödəyə biliblər.
Ən güclü artım isə yüzdə 11 artımla 17,9 milyard dollara çatan Yaxın Şərqdə yaşanıb. Bu, xüsusilə türk şirkətləri üçün yaxşı nəticədir. Məsələn, Ukraynada geniş istifadə olunan pilotsuz uçuş aparatları (PUA) istehsal edən “Baykar” şirkətinin gəlirləri 94 faiz artıb.
Asiya və Okeaniyadakı silah tədarükçülərinin ümumi satış həcmi 2022-ci ildə 3,1 faiz artaraq 134 milyard dollara çatıb.
Dünyanın ən böyük silah ixracatçılarından olan Çinin silah tədarükü sahəsindəki gəliri 8 silah şirkətinin ümumi gəlirində 2,7 faiz artımla 108 milyard dollara çatıb.
Fransanın AFP xəbər agentliyinin məlumatına görə, Lopez da Silva, gələcəkdə tələbin azalacağına dair heç bir əlamət görmədiyini söyləyib və şirkətlərin aldığı sifarişlərin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb.
Bundan başqa, bir çox Avropa ölkəsi Rusiyanın Ukraynaya müdaxiləsi çərçivəsində hərbi xərclərini artıracaqlarına söz veriblər. Bununla bağlı bəzi hədəflər 2030-cu ilə qədər uzanır.
Silah sektoruna tələbin önümüzdəki illərdə də davam edəcəyini proqnozlaşdıran Lopez da Silva, "Hərbi xərclərin və buna görə də silah gəlirlərinin artmağa davam edəcəyini gözləyirik" deyib.