Dünyanın ən varlı şəxslərindən olan Elon Musk evini satdı - 32 milyon dollara

12:50 17.11.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən zənginlərindən olan, "Tesla" və SpaceX şirkətlərinin qurucusu Elon Musk maddi varlıqlarının çox diqqət çəkdiyini nəzərə alaraq San Fransiskodakı evini satıb.

Hafta.az-ın yazdığına görə, bu, Muskun ilk satdığı ev deyil. O, hələ ötən ilin may ayında əmlaklarını əldən çıxaracağını demişdi və sözünün üstündə duran milyarder noyabrın 13-də sonuncu evini də satışa çıxarıb. 

E.Musk bu evi satmaq haqda ilk elanı iyul ayında vermişdi. Ancaq aylardır kimsə evə maraq göstərməyib. Çünki o, alıcıların bazarlıq məqsədilə birbaşa özü ilə danışmasını istəyirdi. Lakin bu dövrdə alıcılardan kimsə onunla görüşə bilmədiyi üçün evin satışı da yubanmışdı. 

Qeyd edək ki, E.Musk 10 yataq otağı olan, körfəz mənzərəli bu evi 2017-ci ildə 23,3 milyon dollara almışdı. Amma ötən ilin yayında satışa çıxarılarkən evə 12 milyon daha baha - 35 milyon dollar qiymət qoyulmuşdu. Məlumata görə, alıcısı çıxmadığından evin qiymətində endirim edən milyarder onu 32 milyon dollara təklif edib. Əmlak agenti Brent Gullikson evin həqiqətən 32 milyon dollara, yoxsa başqa qiymətə satıldığını deməyib. 

Xatırladaq ki, bu evin satışı ilə birlikdə, E.Musk indiyədək əmlak satışlarından 100 milyon dollardan çox vəsait qazanıb.