Əfqanıstan da bu qeyri-sabitliyin generatorudur - Ekspert

17:28 06.09.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Dəfələrlə Azərbaycan mətbuatındakı çıxışlarımda bildirmişəm ki, 2014-cü ildəki Ukrayna-Krım böhranından sonra dünya nizamı quruculuğu və onunla bağlı qlobal və regional qarşıdruma həlledici mərhələyə daxil olub.

Bu fikirləri hafta.az-a politoloq Sülhəddin Əkbər deyib. Onun sözlərinə görə, yəni Azərbaycan öz siyasi iradəsini ortalığa qoydu:

"Obamanın və Trampın hakimiyyətə gəlməsi və yaxud gətirilməsi bu prosesi bir qədər yubatdı. Hazırda isə Baydenin gəlməsi ilə ABŞ-da məhz “dərin dövlət”in yeni dünya düzəni planı yenidən icra edilməyə başlanıb. Yəni dünya yenidən qurulur, yeni dünya nizamı qurulur. Və geopolitik qarşıdruma, təbii ki, kəskinləşibdir. Həmin qarşıdurmanın ən kəskin nöqtələrindən birinin də Əfqanıstan olması gözlənilən idi. Çünki dünya liderliyi Avrasiya üzərində hakimiyyəti tələb edir.

Avrasiya hakimiyyəti isə hakland, yəni bu materikin mərkəzi üzərində qurulur. Hazırda isə ABŞ Böyük Mərkəzi Asiya anlayışını ortaya atıb. Burada bizim əvvəldən Orta Asiya bildiyimiz ərazi və üstəgəl Əfqanıstan anlaşılır. Yəni ABŞ-ın son illərdəki operativ-taktiki doktrinasına baxsaq, hansı regiona, yaxud ölkəyə daxil olmaq istəyirsə, öncə oraya bir kukla, oyuncaq terrorçu təşkilat buraxır, sonra da onunla mübarizə adı altında oraya girir. Əfqanıstana da yanaşma belə olub. Və hazırda Amerika yeni mərhələdə, dünya düzəni quruculuğunun son mərhələsində milli təhlükəsizlik təhdidi kimi Çini və Rusiyanı gördüyündən hər ikisinin ortasında olan bu regionda qeyri-sabitlik yaratmaq məqsədi ortaya qoyub.

Əfqanıstan da bu qeyri-sabitliyin generatorudur. Və bu xaos oradan bütün deyilən istiqamətlərdə yayılacaqdır… Yəni burada baslica məqsəd həmin xaosu həm Çinə və onun təsir zonasına, eləcə də Rusiya və onun təsir zonasına yaymaqdır. Ona görə də hazırda ekspertlər baş sındırırlar ki, görəsən, bu qeyri-sabitlik ilk növbədə hara yayılacaq. Burada ABŞ-ın “dərin dövlət”inin qərarından çox şey asılı olacaq. Bilirsiz ki, Obama və Tramp dövründə bu dərin dövlət iki yerə parçalanmışdı. Xüsusən də Tramp dövründə biz bunu çox açıq şəkildə gördük. Yəhudi-sionistlər yevangelist sionistlərlə birgə hərəkət edirdilər. Və onlar əsas hədəf olaraq Çini və onunla bir olan İranı göstərirdilər. Anqlo-sakson qanad ikinci planda qalmışdı. Həmin qanad isə əsas hədəf kimi Rusiyanı göstərirdi. İndi Bayden dövründə, baxaq görək, sözügedən qanadlardan hansı üstələyəcək. Yəni onlar öncəliyi Çinə, yoxsa Rusiyaya verəcək…Və bunu yəqin ki, biz yaxın aylarda görə biləcəyik. ABŞ indiyədək Əfqanıstana trilyonlar xərcləyirdi və indi o prosesi dayandırır. Deyir indi də Rusiya və Çin xərcləsin, mən isə pullarımı həmin ölkələrin mühasirəyə alınması istiqamətində xərcləyəcəm. Yəni hazırda ABŞ Rusiya və Çin üçün yeni bir konflikt ocağı yaradır. Məsələn, Çinin “Bir kəmər-bir yol” layihəsi üçün Pakistan və Mərkəzi Asiya xüsusi önəm daşıyır. Çünki quru yolu Mərkəzi Asiyadan keçir, dənizə çıxan yol isə Pakistan üzərindən çıxır. Ona görə də gözləyək görək bu destabulizasiya hansı istiqamətə yönləndiriləcək. Yəni hədəf kimi Rusiya seçiləcəksə, xaos əsasən Özbəkistan və Tacikistan başda olmaqla Mərkəzi Asiyaya, hədəf Çin olcaqsa, hesab edirəm ki, Pakistan yönündə yönələcək. Təbii ki, burada İranı da unutmamaq lazındır … Hələlik proses isti-istidir. Çünki “Taliban” hələ öz hökumətini təşkil etməyib. Görək taliblər Əfqanıstana tam nəzarət edə biləcəkmi? Orada vərəndaş müharibəsi meydana çıxacaq, yoxsa çıxmayacaq? Və hələ Əfqanıstan tənliyi çox mürəkkəb, məchulları çox olan bir tənlikdir… Ona görə də bir qədər gözləməyə ehtiyac var… Yəni irəli gedən proqnozlar vermək üçün çox erkən zamandır…"