Ermənistanda Paşinyan hökumətinə qarşı etiraz aksiyaları davam edir. Aksiyalarda yaşananlarla bağlı nədənsə hələ də Qərb, Avropanın insan haqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar susur.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə hafta.az-a bildirib ki, Ermənistanda keçirilən etiraz aksiyalarının “dinc” keçirilməsini söyləmək bir qədər yanlış olar.
Hüquqşünas bildirib ki, nümayişçilərin dinc aksiya keçirdikləri deyilsə də, yolların maşınlarla bağlanması, zibil qablarının yollara tökülməsi, maşın təkərlərinin yollara yığılıb yandırılması bunun əksini deyir və bu hərəkətlər digər vətəndaşların da hüquqlarının pozulmasıdır.
“Əgər yollar bağlıdırsa, deməli minlərlə insan öz işinə, məktəbə, xəstəxanaya gedə bilmir, bir sözlə insanların rahat, sərbəst şəkildə hərəkəti məhdudlaşır. Dinc mitinq bir meydana toplaşmaq, ictimai nəqliyyata, ətrafdakılara mane olmamaq kimi başa düşülür”.
Ç.Qənizadə aksiyada iştirakçıların tutulması zamanı polis zorakılıqlarının müşahidə olunduğunu deyib. Haqlı olaraq belə bir sual yaranır: niyə Qərb, Avropa, Amerika bu məsələlərə laqeyd yanaşır və indiyə qədər səslərini çıxartmayıblar.
“Unutmayaq ki, Paşinyan elə Qərbin adamıdır, SOROS-un uşaqlarından biridir. Bu baxımdan Qərb Paşinyanla əməkdaşlıq etməyə üstünlük verir. Düşünürəm ki, bu o həddə qədər davam edəcəkdir ki, artıq baş verən qanunsuzluqları gizlətmək mümkün olmayacaq. Paşinyanın hakimiyyətdə qalması bu gün Avropaya və Qərbə, eyni zamanda Qərbin dəstəyi ilə formalaşan, insan hüquqları ilə məşğul olan bir çox təşkilatlara sərf edir. Çünki bu təşkilatlar qeyri-hokumət təşkilatları olsalar da, maliyyə mənbəyi Qərbdəki dövlətlər olduğu üçün onların sifarişini yerinə yetirirlər. Bu baxımdan biz Ermənistanda aksiyaçılara qarşı polis zorakılığı ilə bağlı Qərbdən gələn hər hansı əks bəyanatı görməyəcəyik. Əgər mitinq iştirakçıları şüarlarında səsləndirdikləri fikirləri reallaşdırmağa çalışsalar, yəni parlament binasının, hökumət binasının tutulması, Paşinyanın istefası ilə bağlı qanun pozuntusu ilə bağlı müşahidə olunan hərəkətlərə yol versələr, biz aksiya iştirakçılarına qarşı daha ciddi tədbirlərin görülməsinin şahidi olacağıq. Bu zaman nə baş verəcək, qanun çərçivəsində davranış olacaq yaxud olmayacaq, biz bunları yaxın günlərdə bir neçə dəfə müzakirə edəcəyi. Əlbəttə ki, Qərbin ikilistandartlı yanaşması görünür”.
Ç.Qənizadə hesab edir ki, hələlik Qərb Ermənistan siyasi hakimiyyətin dəyişməsində maraqlı olmadığına görə müxalifət qüvvələrin hərəkətləri ilə bağlı baş verən insidentdə hökuməti tənqid edən bəyanatlar verməyəcək.