İordaniya Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral II Abdullah paytaxt Əmmandakı Əl-Hüseyniyyə sarayında Qüds və İordaniyadan olan dini liderlərlə görüşüb.
Hafta.az-ın yazdığına görə, kral Abdullah Qüdsdəki müsəlmanların və xristianların müqəddəs yerlərini müdafiə etmək üçün “birlik” etmələrinin vacibliyini vurğulayıb. “Bizim siyasi mövqeyimizdən heç bir geri addım yoxdur, biz onlar üçün güclü və yüksək səslə çalışacağıq", - kral deyib.
İstənilən “humanitar fasilə”nin atəşkəslə nəticələnəcəyini bildirən İordaniya kralı, hər iki tərəfin Fələstin məsələsinin iki dövlətli həll əsasında görüşməsi və danışıqlar masasına qayıtması lazım olduğunu bildirib.
Qəzza zolağına davam edən hücumlar nəticəsində Qüds və İordan çayının qərb sahilindəki humanitar vəziyyəti “fəlakət” kimi qiymətləndirən kral Abdullah bu vəziyyətin əks-sədasının ciddiliyi ilə bağlı xəbərdarlıq edib.
Kralla görüşdə iştirak edənlər arasında Qüds İslam Vəqfləri Ali Şurasının sədri Şeyx Əbdüləzim Selheb, Qüds Rum Pravoslav Kilsəsinin Patriarxı III Teofilos və Qüds İslam Vəqfləri İdarəsinin prezidenti Şeyx Əzzam əl-Xatib olub.