Fransa, ABŞ sülhdə maraqlı deyillər -  Şair Ramaldanov

16:34 18.11.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Hansı ölkənin nə deməsindən asılı olmayaraq Azərbaycan bölgədə öz sözünü deyəcək. Ermənistanla sülh müqaviləsi də bağlanacaq. Cənab Prezidentin dediyi kimi, biz qarşıya qoyduğumuz hədəflərə çatacağıq”.

Bunu hafta.az-a hərbi ekspert Şair Ramaldanov ABŞ-ın Azərbaycana qarşı təhdid dili ilə danışması ilə bağlı açıqlamasında bildirib.

Ekspert bildirib ki, ABŞ Minsk Qrupunun üzvü olsa da, son 30 il ərzində mütəmadi olaraq Azərbaycana qarşı qərəzli, əsassız fikirlər səsləndirib. Onun fikrincə, bu, daha çox seçkilər ərəfəsində ermənipərəst senatorların ermənilərdən səs qazanmaq üçün çıxardığı oyunlardır.

Ş.Ramaldanov hesab edir ki, ABŞ-dan gələn bu cür ikilistandartlı çıxışların  Azərbaycana heç bir təsiri olmayacaq.

“Azərbaycan güclü dövlətdir, translogistik yolların mərkəzində yerləşir. Azərbaycanın geosiyasi arenada nüfuzu yüksəkdir, separatizmə qarşı mübarizədə öndə gedir”.

O ki qaldı, ABŞ və digər böyük dövlətlərin ermənipərəst mövqedən çıxışına, ekspert hesab edir ki, bu, Ermənistandan İrana, Rusiyaya təzyiq etmək üçün əlverişli ərazi kimi istifadə etmək cəhdidir.

“ABŞ-ın ermənipərəst mövqeyi ermənilərə məhəbbətdən irəli gəlmir. ABŞ-ın regionda maraqları var və ona çatmaq üçün Ermənistan faktorundan istifadə etmək istəyir. Bunlar Ermənistana, ABŞ-a  müsbət heç nə vəd etmir.

Fransanın, ABŞ-ın mövqeyi onu göstərir ki, regionda sülhdə maraqlı deyillər. Azərbaycanın əks-hücum əməliyyatı tarixi göstərir ki, biz bu addımı atmaqda haqlıydıq. Bu gün də görünür ki, Minsk Qrupu dövlətləri bizə heç nə vəd etmirdi, indi də heç nə verən deyil. Bununla yanaşı regionda Türkiyə ilə Azərbaycanın birgə fəaliyyəti sayəsində regionda sülh, əminəmanlıq istiqamətində işlər aparılır. Bu gün Azərbaycanın günü-gündən artan nüfuzu, öz sözünü açıq deməsi müstəqil dövlət olaraq gücünün nümayişidir və onunla hesablaşacaqlar”.