Fransa sülh quruculuğunda Azərbaycan üçün etibarlı tərəfdaş deyil - Ekspert  

12:36 21.05.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Vətən müharibəsindən sonra da Fransa dövlət səviyyəsində Ermənistana hərtərəfli dəstəyini göstərməkdə davam edir. Rusiya-Ukrayna müharibəsində digər Qərb ölkələri ilə müqayisədə Fransanın Rusiyaya qarşı loyal münasibət tutması, həm də Fransa siyasi dairələrinin Rusiya ilə gizli bağlılığının göstəricisidir.

Bu arqument M.Lö Pen və Valeri Pekres, Nikola Sarkozinin simasında öz təsdiqini tapdı. Fransa prezidentliyinə əsas namizəd olan hər iki siyasətçinin Rusiya xüsusi xidmət orqanları, keçmiş prezident Sarkozinin isə Kremlə yaxın oliqarxlara lobbiçilik etməsi ilə əlaqədar çoxsaylı məlumatlar aşkara çıxarıldı. V.Pekresin hələ SSRİ xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edildiyi, M.Lö Penin isə Rusiyadan 9 mln. avro alaraq geri qaytarmadığı təsdiqini tapdı. Bu proses hazırki situasiyada regionda gedən proseslərdə hansı rol alıb və təsirləri nə ola bilər?

Siyasi şərhçi Aytən Qurbanova hafta.az-a  bildirib ki, Fransa uzun illər ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olaraq münaqişənin danışıqlar yolu ilə həll olunmasında əsas aktorlar kimi çıxış edə biləcəyi halda, heç vaxt bu məsələdə öz neytrallığını qoruyub saxlaya bilməyib. Bu da təbii olaraq münaqişənin həllini gecikdirən əsas faktorlardan birinə çevrilməklə Fransanın açıq ermənipərəst mövqeyini ortaya çıxarmış oldu.

“Eyni qərəzli mövqeyi biz ikinci Qarabağ müharibəsi zamanı və davam edən danışıqlar prosesi dövründə verilən bəyanatlarda da açıq şəkildə müşahidə edə bildik. Bu nöqteyi-nəzərdən yanaşdıqda bugün Fransa-Rusiya əlaqələrinin pərdə arxasında gizli məqamların ortaya çıxması heç də təəccüb yaradan hal deyil. Düşünürəm ki, Fransanın siyasi dairələrində erməni lobbisinin və ayrı-ayrı şəxslərin maraqları bir çox hallarda dövlət maraqlarının belə önünə keçməyə müvəffəq olub”.

A.Qurbanova bütün bu xüsusatlara əsaslanaraq hesab edir ki, bu gün Fransa heç bir halda nə Azərbaycan, nə də əksər region dövlətləri üçün sülh quruculuğu prosesində vasitəçilik missiyasını icra edə biləcək etibarlı tərəfdaş deyil. Belə olduğu halda da Fransanın birtərəfli qaydada regionda baş verən proseslərə cəlb olunması imkanları da azaldığı üçün təsir mexanizmləri məhdudlaşmış olur.