Ermənistanın Qərbi Zəngəzurdakı “Sünik” adlanan mərzinin Gorus şəhərinin meri Aruş Aruşanyan “Facebook”da ulu babasının general Andranikə ünvanladığı məktubu dərc edib.
Hafta.az xəbər verir ki, bu haqda News.am məlumat yayıb.
“Babamın Zəngəzur yaxınlığındakı qəhrəmancasına döyüşlərdən əvvəl general Andranikə məktubu... Qəribədir ki, tarix təkrarlanmağa meyillidir. 1918-ci il oktyabrın 2-də babam, komissar Hayrapet Aruşanyans Xınzırək(Hazırda “Ermənistan” adlanan Qərbi Zəngəzurda Laçın və Qubadlı rayonlarına sərhədə yaxın kənd, əsl adı Xanəzək - S.L.) camaatı adından general Andranikə məktub göndərib və bu məktubda o, böyük generaldan tarixi Artsaxın süquta uğraması və Sünikin təhlükə altına düşdüyü üçün düşmənə müqavimət göstərməkdən ötrü onlara rəhbərlik etməsini xahiş edib”- babasının “şanlı” məktubunu belə şərh edən revanşist və faşist ruhlu erməni mer məktubun məzmununu ətraflı izah etdikdən sonra ermənilərin bugünkü durumunu XX əsrin əvvəlindəki ilə eyniləşdirir və soydaşlarını Azərbaycana, Türkiyəyə qarşı mübarizəyə səsləyir:
“Biz bir əsr bundan əvvəlki vəziyyətdəyik... Bizim əcdadlarımız cəsur, mərd və qərarlarında qətiyyətli olublar. Qanımızın çağırışı ilə bu gün biz atalarımızdan qoyub getdiyi mirasa layiq olmalıyıq”.
Göründüyü kimi, ermənilərin də xeylisi elə 100 il öncəki Azərbaycana, Türkiyəyə, türklərə kinlə dolu, torpaqlarımızı işğal niyyətli ermənilərdir...
Xatırladaq ki, bir müddət öncə Gorusun bu türkofob meri Aruş Aruşanyan Paşinyan hökumətinə qarşı qanunsuz çıxışları dəstəklədiyinə və silahlı insidentlərə görə bir neçə dəfə həbs edilsə də, sonradan “xalq”ın, əslində rusiyameyilli Köçəryan-Sərkisyan müxalifətinin tələbi ilə azadlığa buraxılıb.
Zəruri arayış:
Ermənilərin “milli qəhrəman” adlandırdıqları tayqulaq daşnak general Andranik Ozanyan 1865-ci ildə Osmanlı İmperiyasında, Sivas şəhərində doğulub. Erməni İnqilabi Federasiyası – “Daşnaksutyun” yaranandan təşkilatın üzvü olub. Osmanlı ordusuna qarşı çox vuruşub, türklərə xəyanətinə görə tezliklə imperiyadan qaçmaq məcburiyyətində qalıb. Türk ordusuna qarşı vuruşmaq imkanını Birinci Dünya Müharibəsində də əldən verməyib. Rusiya ordusunda erməni hərbi dəstələrini yaradıb. Öldürdüyü türklərə görə çoxlu orden, medal alıb.
Çar Rusiyasının süqutundan sonra Ozanyan Naxçıvanda quldurluğunu davam etdirib. Amma 1918-ci ilin iyulunda türk ordusunun buralara gəlib çıxmasından sonra Andranik Zəngəzura üz tutmalı olub. Azərbaycanın tarixi mahalında böyük qırğınların əsas səbəbkarı kimi məhz Ozanyanın adını çəkmək mümkündür. Onun başçılıq etdiyi quldur dəstəsi Zəngəzurda minlərlə azərbaycanlı kəndlinin həyatına son qoyub. Bəzi kəndlər tamamilə dağıdılıb, bir daha bərpa olunmayıb. Andranikin dəstəsi təkcə Naxçıvan qəzasının Yaycı kəndində 2500 sakini qətlə yetirib, meyitləri Araz çayına atmışdı. Quldurların ümumilikdə 115 kəndi dağıtdığı, 10 mindən çox azərbaycanlını öldürdüyü bildirilir.
Andranikin qulağının Osmanlı dövlətinə xəyanətə görə türk paşalardan Zabux dərəsində birinin kəsdiyi bildirilir. Ozanyanın quldurlarına ən böyük zərbəni isə 1919-cu ilin yazında Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovun tapşırığı və planı əsasında qardaşı, xalq qəhrəmanı Sultan bəy Sultanovun başçılıq etdiyi dəstə vurub. Azərbaycanın Zəngəzur qəzasından olan igid oğlunun ağıllı taktikası sayəsində Qaragöl ətrafında 600 erməni quldur əsir alınmışdı. Həmin əməliyyat zamanı xeyli kənd ermənilərdən təmizlənmişdi. Bu minvalla 1919-cu ilin aprelində Andranikin qruplaşmasından əsər-əlamət qalmamışdı. Əvvəlcə Fransaya, sonra isə ABŞ-a qaçan Ozanyan 1927-ci ildə okeanın o tayında Fresno şəhərində gəbərib.