Hindistan Prezidenti Ram Nat Kovind Prezident Sarayında keçirilmiş Mülki Vəzifəyə Təyinetmə Mərasimində 2021-ci il üçün “Padma Vibhuşan”, “Padma Bhuşan” və “Padma Şri” mükafatlarını təqdim edib.
Hindistanın ölkəmizdəki səfirliyindən Hafta.az-a daxil olan məlumata əsasən, tədbirə qatılan yüksək vəzifəli şəxslər arasında Hindistanın vitse-prezidenti, baş naziri və daxili işlər naziri də olub.
Hindistanda ən yüksək mülki mükafatlardan biri olan “Padma” mükafatları 2021-ci ildə 119 nəfərə verilib. Mükafatçıların bir çoxunun həyat hekayələri çətinliklərin öhdəsindən necə gəldiklərini, eləcə də ekoloji töhfə-sosial işlər daxil olmaqla apardıqları kütləvi fəaliyyətləri təmsil edir.

“Padma Şri” mükafatının görkəmli mükafatçılarından biri Tibb Təhsili və Tədqiqat Aspirantura İnstitutunun (PGIMER) həyətində yüzlərlə yoxsul xəstə və ziyarətçiyə hər gün pulsuz yemək verən Caqdiş Lal Ahucadır. O, həmçinin xəstələri maddi yardımdan tutmuş, yorğan-döşək və paltara qədər digər yardımlarla dəstəkləyib. O, 1980-ci illərdə pulsuz yemək paylamağa başlayıb və 2000-ci ildə Tibb Təhsili və Tədqiqat Aspirantura İnstitutuna köçərək 15 il ərzində hər gün 2 mindən çox insanı yeməklə təmin edib. Hindistana əliboş gəlmiş milyonçu öz missiyasını dəstəkləmək üçün milyonlarla dollar dəyərində mülklərini satıb və hətta mədə xərçəngindən əziyyət çəkməsinə baxmayaraq, bu gün də insanlara xidmət göstərməkdədir. Pakistanın Pişəvər şəhərində doğulan Caqdiş Lal Ahuca gənc yaşlarından ailənin yeganə təminatçısı olmağa məcbur qalıb. O, yardım etdiyi uşaqların gözü ilə öz itmiş uşaqlığını axtarır.

Digər görkəmli mükafatçı K.K.Ramaçandran Pulavardır. O, nəslinin 11-ci kölgə kuklaçısıdır, hind mədəniyyəti və mifologiyaları haqqında tamaşaları ilə 45-dən ölkədə çıxış edib. Bu sənəti təbliğ edən yeganə ailədən olan K.K.Ramaçandran Pulavar qədim “Tolpavakoothu” kölgə kuklaçılığını yenidən canlandırır. “Tolpavakoothu” tamaşası axşam hava qaralandan səhər sübhədək 10 saat davam edir və 21 gün məbəd festivalı çərçivəsində keçirilir. O, bu sənət növünü məbəd binalarından kənara çıxararaq qədim texnikaları müasir formalarla birləşdirərək 45-dən çox ölkədə nümayiş etdirib. 40-dan çox məbəddə “Ramayana” və “Puranalar” haqqında mifoloji hekayələrini ifa etməkdən başqa, o, həmçinin Mahatma Qandinin azadlıq mübarizəsini təsvir edən tamaşalar səhnələşdirib və qadınların imkanlarının artırılması, yol təhlükəsizliyi və sair kimi mövzularda məlumatlılığı artırıb.