"Türkiyə ordusunun İraq ərazisindəki hərbi nəzarət məntəqələrini raketlə biz vurmuşuq".
Hafta.az-ın yazdığına görə, bu sözlər İranın İslam Keşikçiləri korpusunun sədri Hüseyn Taebin qardaşı, eyni zamanda "Əmmar Qərargahı"nın rəhbəri Mehdi Taebin sızdırılan səs qeydlərinə aiddir.
Qeyd edək ki, bu günlərdə Pentaqonun yayımladığı bir kəşfiyyat hesabatında terror təşkilatı PKK-nın İran dəstəkli silahlı qruplarla əməkdaşlıq etməsi barədə məlumat verilmişdi. Həmin hesabata əsasən, İran tərəfindən himayə olunan silahlı qrupların son aylarda İraq və Suriya ərazisindəki türk hərbi qüvvələrinə hücumlar düzənlədiyi qeyd edilərkən, İraqdakı son hücumların da bəzilərinin məhz PKK ilə əməkdaşlıq edən İranyönümlü qruplar tərəfindən atəşə tutulduğu deyilir.
"Türkiyənin fevral ayında Şimali İraqda PKK-nı hədəf alan antiterror əməliyyatlarına başlamasından sonra İran dəstəkli silahlı bir qrup Mosulun şimalında yerləşən Türkiyənin hərbi bazasına raket hücumu edib", - hesabatda qeyd edilir.
Pentaqonun bu hesabatından sonra məsələ İran mediasında işıqlandırılıb. Pentaqonun məlumatına İran hökuməti və ya konkret olaraq İnqilab Keşikçiləri korpusundan hər hansı təkzib və ya təsdiq bildirilməyib.
Səsə əsasən, Taeb həmçinin qeyd edib ki, Ankara ABŞ-ın təzyiqlərindən qurtulmaq üçün İranla əməkdaşlıq edir. O deyib ki, Türkiyə neft idxalatından asılı ölkədir və hər hansı hərbi qarşıdurma olacağı halda İran bu ölkəyə neft ixracını dayandıracaq və Türkiyənin bütün yanacaq ticarəti həyata keçirilən limanlarını ballistik raketlərlə vuracaq.
Səs qeydində eyni zamanda, İran Məclisinin sədri Məhəmməd Bakir Galibafın ailəsinin uşaq biznesini Türkiyədə aparmasına dair məlumatlar səslənir və bu məlumatların məhz prezident İbrahim Rəisiyə yaxın çevrə tərəfindən mediaya ötürüldüyü vurğulanır. Bu işin içində kəşfiyyatın da ola biləcəyini qeyd edən Taeb, Galibafın xanımının 1,6 milyon dollara İstanbulda 2 villa aldığını da deyib.