“Azərbaycan Prezidenti cənab İlham Əliyev 2018-ci il prezident seçkilərində xalqın etimadını qazanaraq növbəti dəfə rəhbərlik etməyə başlayarkən ölkəmizdə geniş, hərtərəfli islahatlar kursunun həyata keçəcəyini, onun daha da dərinləşəcəyinin anonsunu verdi.
Keçən bu müddət ərzində bütün sahələr üzrə - siyasi, iqtisadi, məhkəmə-hüquq, idarəçilik sistemində çox geniş islahatlar kursu həyata keçirildi. Cənab Prezident ADA Universitetində "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən konfransda da ölkəmizdə islahatlar kursunun bundan sonra da davamlı olacağını bildirib. Cənab Prezident orada xüsusilə yerli idarə sistemində keçiriləcək islahatların anonsunu elan etdi...”
Bu barədə hafta.az-a Milli Məclisin deputatı Elman Nəsirov “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən konfransda dövlət başçısı İlham Əliyevin elan etdiyi yeni konstitusiya islahatlarının anonsu və əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.
E.Nəsirov Prezidentin çıxışına istinad edərək, işğaldan azad olunmuş ərazilərdə yerli idarəetmə sistemində islahatların həyata keçirildiyini qeyd edib, Prezidentin həmin ərazilər üzrə xüsusi nümayəndəsinin təyin olunduğunu, bu yeni idarəçilik sisteminin işğaldan azad olunmuş bütün ərazilərdə həyata keçirildiyini bildirib.
“Bu sistem müvəffəqiyyət qazanacağı təqdirdə Azərbaycanın digər ərazilərində də anoloji idarəetmə üsulunun tətbiq edilməsi mümkündür. Bu o deməkdir ki, bir müddət sonra biz yeni idarə sisteminin nə dərəcədə effektli olduğunu tam şəkildə biləcəyik. Effektli olacağı təqdirdə isə həmin sistemin Azərbaycanın bütün rayonlarında tətbiqi mümkündür. Eyni zamanda ölkəmizdə 14 iqtisadi rayon mövcudur və istisna edilmir ki, gələcəkdə həmin iqtisadi rayonlardan çıxış edərək ərazi inzibati vahidlərinin müəyyən edilməsi siyasətinin də həyata keçirilməsi mümkün ola bilər”.
E.Nəsirov bildirib ki, dövlətimiz siyasi sahədə də islahatların dərinləşməsi kursuna sadiqdir. Onun sözlərinə görə, dəyişən yeni zaman reallıqları fonunda bütün digər istiqamətlər üzrə də adekvat addımların atılması və islahatların həyata keçirilməsi mümkündür.
“Bu dövlətimizin mahiyyətindən irəli gəlir. Təsadüfi deyildi ki, beynəlxalq təşkilatlar, xüsusən də Dünya Bankı öz hesabatlarında Azərbaycanı islahatlara sadiq 10 ölkə arasında göstərib. Bu o deməkdir ki, islahatlar, dəyişikliklər bizim dövlət siyasətimizin fəlsəfəsindən irəli gəlir. Və cənab Prezident də beləcə keyfiyyət dəyişikliyinə gətirib çıxaracaq islahatlar kursuna sadiqdir və onun müəllifidir”.