İstanbul içməli su böhranı ilə üz-üzə: su anbarları quruyur

11:35 19.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İstanbulu içməli su ilə təmin edən su anbarlarında doluluq nisbəti yüzdə 24,97-ə düşüb.

Hafta.az-ın yazdığına görə, cəmi 1 ay əvvəl bəndlərin doluluq nisbəti 30 faiz ətrafında idi. İndiki hədd isə su anbarlarındakı doluluq nisbətinin 2014-cü ildən qeydə alınan ən aşağı göstəricidir. 

Xatırladaq ki, ötən ilin eyni dövründə anbarlarda doluluq nisbəti 51,9 faiz, 2021-ci ildə isə 53,3 faiz idi.

İstanbulun 4 su anbarında doluluq nisbəti yüzdə 10-un altına düşüb. Az qala qurumaq üzrə olan Papuçdərə bəndində doluluq nisbəti 2,81, Kazandərədə 4,8, Büyükçəkməcədə yüzdə 4,83, Sazlıdərədə isə yüzdə 9,88-dir.

İstanbulda suyun səviyyəsi ən yüksək olan bənd yüzdə 54,68 ilə Ömərli bəndidir.

Meqaşəhərdə quraqlıqdan ən çox təsirlənən bəndlərdən biri də Büyükçəkməcə su anbarıdır. Burada doluluq nisbəti 4,83 faizədək azalıb. Bənd hövzəsi sözün əsl mənasında çölə çevrilib və gölü qidalandıran çayların hamısı quruyub. Əvvəllər su basmış ərazilər indi otlaq sahəsini xatırladır.