İtaliya “Bir kəmər, və bir yol” proqramından rəsmən çıxdı

09:34 07.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Giorgia Meloninin başçılıq etdiyi sağçı koalisiya hökuməti, Çinin layihəsi kimi bilinən “Bir kəmər, bir yol” təşəbbüsündən çıxmaq üçün 3 gün əvvəl Romadakı Çin səfirliyinə rəsmi bildiriş göndərib.

Hafta.az-ın İtaliyanın “Corriere della Sera” qəzetinə istinadən yazdığına görə, notada İtaliyanın Çinə bu təşəbbüsdə iştirakını uzatmayacağını çatdırdığı bildirilib.

Baş nazirin müavini və xarici işlər naziri Antonio Tajani açıqlamasında deyib: "İpək Yolu bizim prioritetimiz deyil, biz gördük ki, layihə istənilən effektləri yaratmadı və burada iştirak etməyənlər daha yaxşı nəticələr qazandılar".

İtaliya, Cüzeppe Kontenin başçılıq etdiyi 1-ci Konte Hökuməti dövründə 2019-cu ilin mart ayında Romada Çin prezidenti Si Cinpin ilə imzalanmış anlaşma memorandumu ilə “Bir kəmər, bir yol” təşəbbüsünə daxil edilmişdi və bununla da İtaliya “Bir kəmər, bir yol” layihəsinə daxil olan ilk və yeganə G7-yə üzv ölkə olmuşdu.

1-ci Konte hökuməti bu addımla ölkəyə Avropadan kənarda böyük sərmayələr cəlb etməyi və İtaliya ixracatının böyük Çin bazarına çıxışını artırmağı, bununla da iki ölkə arasında ticarət əlaqələrini tarazlamağı qarşısına məqsəd qoymuşdu.

2019-cu ilin avqustunda İtaliyada 1-ci Konte Hökumətində koalisiyanın dağılmasından sonra 2-ci Konte Hökuməti quruldu və bu hökumət "Bir kəmər, bir yol" təşəbbüsünə əvvəlki hökumətdən daha az maraq göstərdi. 2021-ci ilin fevralında yaradılan Mario Draqinin rəhbərlik etdiyi geniş koalisiya hökuməti də bu təşəbbüsə uzaqdan yanaşma nümayiş etdirdi.

2022-ci ilin oktyabrında hakimiyyətə gələn ifrat sağçı Giorgia Meloni İtaliyanın sözügedən təşəbbüsdə iştirakını “səhv” kimi qiymətləndirib.

Meloni və kabinetindəki nazirlər İtaliyanın "Bir kəmər, bir yol” təşəbbüsündə varlığını şübhə altına alan açıqlamalar verdi və İtaliyanın bu təşəbbüsə daxil olmaqla gözlədiyini əldə etmədiyini bildirdi. Avqust ayında ölkə mətbuatında İtaliyanın adıçəkilən təşəbbüsdən çıxmaq üçün “incə çıxış yolu axtardığı” barədə xəbərlər yayılmışdı.