Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi Bakı Dövlət Universitetində (BDU) dekan və kafedra müdiri vəzifəsinə qəbul üçün müsabiqə elan edib. Belə ki, ali məktəbdə 8 fakültə dekanı və 29 kafedra müdiri vəzifəsi boşdur. Müsabiqədə iştirak etmək üçün sənədlər 1 ay müddətində qəbul ediləcək.
Bəs görəsən, sözügedən vəzifələrə seçiləcək namizədlərdən əsas tələblər nələrdir? Dekan və kafedra müdirlərinin vəzifələri bizdə və dünya təcrübəsində hansı formadadır?
Hafta.az-ın mövzu ilə bağlı araşdırmasını sizlərə təqdim edirik:
İlk olaraq, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat katibi Bəhruz Nəzərov bildirdi ki, ali təhsil ocağında dekan və kafedra müdirləri səs vermə yolu ilə 5 il müddətinə seçilir.
Həmin şəxslərin 5 il bitdikdən sonra yenidən seçilmək hüququ vardır. Eyni şəxs ard-arda 2 dəfədən artıq seçilə bilməz. Hazırda universitetdə 7 fakültə 24 kafedra var. Fakultə və kafedra müdirləri seçilən zaman onlardan tələb olunanlar, bunlardır:
“Namizəd həmin kafedra və fakültələrin tələbələrinin ixtisasına uyğun ixtisasa sahib olmalı, ən az 5 il müddətinə fakültə daxilində elmi yaxud pedaqoji fəaliyyət göstərməlidir. Həmçinin onun elmi dərəcəsi yaxud elmi adı olmalıdır. Bundan başqa, dekanın səlahiyyətləri fakültə miqyasında tədrisi təşkil etmək, fakültə şurasına rəhbərlik etməkdir. Eyni ilə kafedra müdiri də kafedra üçün oxşar prosesləri həyata keçirir. Bizdə yay aylarında seçkilər oldu. Seçilənlər arasında həm təkrar seçilən həm də yeni üzvlər var”.
Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı isə deyir ki, ADU-da dekanlar və kafedra müdirləri seçki əsasında vəzifəyə təsdiqlənir.
Bu prosesdə hər iki vəzifəyə seçkinin keçirilməsinin müvafiq təlimatına istinad edilir. Həmçinin, bütün təhsil müəssisələrində dekan və kafedra müdirlərinin səlahiyyəti bərabərdir.
Azərbaycan Texniki Universitetinin(AzTU) mətbuat katibi Sevinc İsgəndərova da Universitetdə dekan və kafedra müdiri vəzifəsinə təyinat seçki yolu ilə həyata keçirildiyini söyləyir.
Onun sözlərinə görə, seçki prosesi qanunvericiliyin tələblərinə uyğun təşkil olunur. Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları isə bütün ali təhsil ocaqlarında olduğu kimidir.
Prosesin rəsmi qaydada aparılmasına gəldikdə isə, həmsöhbətimiz təhsil eksperti Kamran Əsədov, Ali təhsil müəssisələrində kafedra müdiri və fakültə dekanı vəzifələrinin tutulması müsabiqə yolu ilə həyata keçirildiyini söylədi:
“Müsabiqənin nəticəsinə əsasən həmin vəzifələrə seçilmiş şəxslərlə işəgötürən arasında əmək münasibətləri 5 il müddətinə bağlanmış əmək müqaviləsi ilə tənzimlənir. Ali təhsil müəssisəsi tərəfindən kafedra müdiri və fakültə dekanı vəzifələrinə vakansiya yarandığı gündən 1 aydan gec olmayaraq, əmək müqaviləsinin müddəti başa çatan vəzifələrə isə həmin müddətin başa çatmasına 2 ay qalmış vəzifələrin tutulması ilə bağlı müsabiqə elan olunur. Sənədlərin təqdim olunmasına və müsabiqənin keçirilməsinə hər birinə 1 ay olmaqla vaxt ayrılır. Müsabiqənin vaxtında elan olunmasına və üzrsüz səbəbdən vaxtında keçirilməməsinə görə ali təhsil müəssisəsinin rektoru intizam məsuliyyəti daşıyır”.
Kafedra müdiri və fakültə dekanı vəzifələrini tutmaq üçün ali təhsil müəssisəsi tərəfindən kütləvi informasiya vasitələrində və ali təhsil müəssisəsinin internet səhifəsində müsabiqə elan edilir. Kafedra müdiri və fakültə dekanı vəzifələrinə namizədlər təhsil sahəsində qanunvericilik, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”, bu Qaydalarla, ixtisas tələbləri, əmək funksiyaları ilə tanış olur və elan dərc olunduqdan sonra nəzərdə tutulan müddətdə müsabiqədə iştirak etmək üçün ərizə ilə ali təhsil müəssisəsinin rektoruna müraciət edirlər. Bütün hallarda bir şəxsin eyni zamanda kafedra müdiri və dekan vəzifəsini icra etməsinə yol verilmir.
Ekspert müsabiqə tələb olunan ümumi şərtlər barəsində də məlumat verdi:
- kafedra müdiri vəzifəsinə müvafiq kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcələrə, ən azı 5 il elmi-pedaqoji təcrübəyə malik Azərbaycan ı vətəndaşları, həmçinin mövcud qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları iştirak edə bilərlər;
- dekan vəzifəsinə fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik Azərbaycan vətəndaşları, həmçinin xarici ölkə vətəndaşları iştirak edə bilərlər. Eyni şəxs eyni ali təhsil müəssisəsində dekan vəzifəsinə ardıcıl olaraq 2 dəfədən artıq seçilə bilməz.
- dövlət təhsil müəssisəsində akademik və inzibati vəzifələrin tutulmasının yaş həddi Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bu yaş həddinə çatan pedaqoji işçilərin akademik və inzibati vəzifə tutmamaq şərti ilə, təhsil müəssisəsinin tədris və elmi fəaliyyətində tam iştirak etmək hüququ təmin edilir;
- Bədən tərbiyəsi və idman, incəsənət, musiqi təmayüllü kafedraların müdiri və ya müvafiq fakültələrin dekanı vəzifəsini tutmaq üçün müsabiqədə bu Qaydalarda qeyd olunan tələblərə uyğun gələn şəxslərlə yanaşı həmin ixtisaslar üzrə elmi dərəcəsi və adı olmayan, lakin həmin sahədə dövlət təltifləri olan şəxslər də iştirak edə bilərlər.
Kafedra müdiri və fakültə dekanı vəzifələrini tutmaq üçün namizədlərin göstəriciləri həmin vəzifənin tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti pozulduqda sənədlərin qəbulundan imtina olunur. Namizəd ərizəsini seçkiyə qədər istənilən vaxt geri götürə bilər. Kafedra müdirinin və dekanın fəaliyyətinə nəzərdə tutulmuş müddətdən əvvəl xitam verildiyi və ya elan olunmuş müsabiqə baş tutmadığı hallarda ali təhsil müəssisəsi rektorunun əmri ilə kafedra müdiri vəzifəsinin icrası kafedranın əməkdaşlarından birinə, dekan vəzifəsinin icrası isə dekan müavininə və ya fakültənin tərkibindəki kafedralardan birinin bu Qaydalarda oyulan tələbləri ödəyən əməkdaşına müvəqqəti (üç aydan çox olmayaraq) olaraq həvalə olunur.
Dekan vəzifəsini icra edən şəxs, vəzifəni icra etdiyi müddətdə kafedra müdiri və ya dekan vəzifələrinin tutulması ilə bağlı müsabiqədə iştirak edə bilməz. Kafedra müdiri vəzifəsini icra edən şəxs dekan vəzifələrinin tutulması ilə bağlı müsabiqədə iştirak edə bilər.