Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) Baş nazir Ünal Üstel prezident Ersin Tatarla görüşərək sayca 40-cı hökumətin siyahısını ona təqdim edib.
Hafta.az-ın yazdığına görə, görüşdən sonra Baş nazir mətbuata açıqlamalar verib. Bildirib ki, uzun zamandır davam edən hökumət böhranı sona çatıb və 40-cı hökumət formalaşıb. O, üç siyasi partiyanın iştirakı ilə qurulmuş koalisiyanın döv başçısı tərəfindən təsdiqləndiyini diqqətə çatdırıb.

Üstel daha sonra yeni hökumətdə təmsil olunan şəxslərin siyahısını oxuyub.
Siyahı belədir: Baş nazir Ünal Üstel, Baş nazirin müavini, Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit naziri Fikri Ataoğlu, Rabitə və Nəqliyyat naziri Erhan Arıklı, Xarici İşlər naziri Tahsin Ertuğruloğlu, Maliyyə naziri Sunat Atun, Daxili İşlər naziri Ziya Öztürkler, Milli Təhsil naziri Nazım Çavuşoğlu, İqtisadiyyat və Enerji naziri Olgun Amcaoğlu, Kənd Təsərrüfatı və Təbii Sərvətlər naziri Dursun Oğuz, Səhiyyə naziri İzlem Gürçağ, Əmək və Sosial Təhlükəsizlik naziri Hasan Taçoy.
Öztürklər ve Gürçağ hökumətdə ilk dəfə təmsil olunurlar.
Qeyd edək ki, dövlət başçısı Ersin Tatar mayın 9-da Ünal Üstelə yeni hökumət qurma səlahiyyəti vermişdi.
Bundan əvvəl UBP sədri və keçmiş Baş nazir Faiz Sucuoğlu, UBP, DP və YDP-dən ibarət koalisiyalı hökumətin istefasını aprelin 30-da prezident Tatara təqdim eləmişdi.
Xatırladaq ki, KKTC-də yanvarın 23-də keçirilmiş seçkilərdən 39,54 faiz səs alan UBP qalib çıxmışdı. Cümhuriyyətçi Türk Partiyası (CTP) 32,4, Demokrat Partiyası (DP) 7,41, Yenidən Doğuş Partiyası (YDP) 6,39, Halkın Partiyası (HP) 6,68 faiz səs toplamışdı.
Nəticələrə əsasən 50 yerlik Cümhuriyyət Məclisində UBP 24, CTP 18, DP 3, HP 3, YDP 2 mandat əldə edib.