Köhnə binaların dəyişməyən təhlükəsi

18:41 26.08.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün paytaxtın əksər binalarında lift sistemi yararsız vəziyyətdədir. Bu problemlə daha çox köhnə binalarda yaşayan sakinlər üzləşirlər. Qeyd edək ki, 2021-ci ildə Prezident İlham Əliyev Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncamın icrası ilə əlaqədar Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi “Wittur Holding GMBH” şirkəti ilə razılaşma əldə olunub.  Müqavilə şərtlərinə uyğun olaraq ilkin olaraq 581 ədəd yeni lift Bakıya gətirilərək quraşdırılıb. Liftlərə xidmət göstərilməsi və onların daimi nəzarətdə saxlanılması üçün Mərkəzi Dispetçer Xidməti Sistemi qurulub və bura lazımı texniki avadanlıqlarla təchiz edilib. Bundan sonra paytaxta daha 625 ədəd lift gətirilərək, şəhərin müxtəlif rayonlarında istismar müddəti başa çatan köhnə liftlərin yerinə quraşdırılması işləri həyata keçirilib.

Bəs, görəsən, hazırda bu istiqamətdə işlər davam etdirilirmi? Paytaxtda istismar müddətini başa vurmuş nə qədər lift var? Lift təsərrüfatının yenilənməsi problemi tam həllini nə vaxt tapacaq?

Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib ki, istismar müddəti başa çatan liftlər insanlar üçün hər an təhlükəlidir: “Hansı obyektdə, yaşayış binasında lift quraşdırılıbsa, orada liftlərin təhlükəsiz istismarına cavabdeh olanlar məsul şəxslərdir. Həmin şəxslərin əsas vəzifə borcudur ki, liftlərin təhlükəsiz istismarına nəzarət etsin, nasazlıq yaranarsa, hansısa nöqsanlar olarsa onun vaxtında aradan qaldırılmasını təmin etsin və insanların rahat, təhlükəsiz şəraitdə istifadəsi təmin etsinlər. Qanunla liftlər hər il texniki müayinədən keçməlidir və təbii ki, müvafiq qurumlar da liftləri yoxlayır və buna rəy verirlər. Liftlərdə qəzalar əsasən normadan çox yükləndikdə, sistemdə nasazlıq yarandıqda, liftin quraşdırılması zamanı düzgün montaj olmadıqda və istismar müddəti bitən avadanlıqlar və mexanizmlərin vaxtında dəyişdirilməməsi nəticəsində baş verir. Liftlərin istismarı təhlükə potensiallı obyektlər siyahısındadır. Yəni belə deyək, liftlərin istismarı xüsusi icazələrlə həyata keçirilir. Liftlərə texniki baxışın göstərilməsi, servis xidməti, bütün bunlar hamısı xüsusi icazə verilmiş, sertifikatlaşmış müəssisələr tərəfindən həyata keçirilir. Ona görə də nəzərə almaq lazımdır ki, liftlərin təhlükəlilik dərəcəsi yüksək olduğuna görə onlar təhlükə potensiallı obyektlər siyahısına daxil edilib. Qeyd edim ki, stasionar şəkildə quraşdırılmış və səyyar yük qaldıran mexanizmlər olan eskalatorlar, kanat yolları, funikulyor və sair təhlükə potensiallı obyektlərdir. Təbii ki, bunların da istismarı texniki təhlükəsizlik qaydalarına  riayət etməklə həyata keçirilməlidir. İstər binalarda, istərsə də obyektlərdə liftlərin istismarı, texniki təhlükəsizlik üzrə dövlət standartları, əməyin mühafizə qaydaları, yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, ekologi, sanitar – epidemioloji, fövqəladə hallardan müdafiə normalarına uyğun olmalıdır. Baş verə biləcək qəzaların lokallaşdırılması, bu halın qarşısının alınması üçün lift şaxtalarının tikintisi, onların konservasiyası, quraşdırılması zamanı dövlət standartlarına və digər təhlükəsizlik normativ standartlarına cavab verən sertifikatlaşdırılmış materiallardan istifadə olunmalıdır. Ancaq təəssüflər olsun ki, bəzi yaşayış binalarında və obyektlərdə liftlərin texniki xidmətinə nəzarət yoxdur. Yəni liftlərin müntəzəm olaraq yoxlanılması, istismar müddətini başa vurmuş  avadanlıqların, detalların, mexanizmlərinin, relslərin, trosların, əyləc sisteminin, elektrik mühərrik sisteminin dəyişdirilməsi, nasazlıq yaranarsa vaxtında aradan qaldırılması - bunlar hamısı liftlərə texniki servisin göstərilməsində nəzərdə tutulub. Təbii ki, liftlərə vaxtında qulluq olmazsa, istismarı düzgün həyata keçirilməzsə, təhlükəsizlik qaydalarına riayət olunmazsa qəzaların baş verməsi qaçılmaz olar. Bu qəzalar isə sonda bədbəxt hadisələrə gətirib çıxara bilər. Sözsüz ki, köhnə liftlərdə vəziyyət ürəkaçan deyil. Liftin qırılıb şaxtaya düşməsi artıq onun tam sıradan çıxması deməkdir. Liftdə həm qaldırıcı, həm də qoruyucu troslar olur, bunlardan biri qırılırsa digəri avtomatik olaraq kabinanı saxlayır. Köhnə liftlərdə bu daha təhlükəlidir. Köhnə liftlərə vaxtında qulluq olunmaması, onların müasir standartlara cavab verməməsi çox böyük problemlərə gətirib çıxara bilir”.     

Məsələ ilə bağlı Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyindən isə qəzetimizə bildirilib ki, hazırda sözügedən qurumun balansında 5400 ədəd lift mövcüddur və istismar vaxtı keçmiş, 25 ildən artıq işləyən liftlər qrafikə uyğun olaraq dəyişdiriləcək:
“Ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılan maliyyə vəsaiti hesabına son bir neçə ildə alman istehsalı olan 1206 ədəd yeni müasir lift Bakıya gətirilib. Bu liftlər paytaxt Bakı şəhərinin müxtəlif rayonlarında istismar müddəti başa çatmış köhnə liftlərin yerinə quraşdırılıb. Alınan liftlərə xidmət göstərilməsi və onları daimi nəzarətdə saxlanılması məqsədi ilə “Lifttəmir” İstehsalat Birliyində Mərkəzi Dispetçer Xidməti Sistemi qurulub. Bu istiqamətdə işlər hazırda da davam etdirilir və gələcəkdə də Bakı şəhərinə yeni liftlərin gətirılməsi mərhələli şəkildə həyata keçiriləcək”.