Mərakeş tarixində ilk - 8 gün nazir oldu

12:18 15.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mərakeş Kralı VI Məhəmmədin əmri ilə oktyabrın 7-də Səhiyyə və Sosial Müdafiə naziri vəzifəsinə təyin olunan Nebila ər-Rumeyli nazir postundan geri çəkilib, yerinə əvvəlki nazir Xalid Ait Taleb təyin olunub.

Hafta.az-ın yazdığına görə, bu barədə Mərakeşin Kral Sarayı məlumat yayıb. Bununla da Mərakeş Krallığının tarixində cənab Ər-Rumeyli ən qısa müddətli nazir olaraq qalacaq. 

Yerli mənbələr yazır ki, yeni təyinat Mərakeş Konstitusiyasının 47-ci maddəsinə əsaslanır və Baş nazir Əziz Ahnuşun Ər-Rumeylinin nazir vəzifəsindən geri alınması tələbinə əsasən həyata keçirilib. O da bildirilir ki, səkkizgünlük nazir Rumeyli, bundan sonra ölkənin ən iri şəhəri olan Kasablankanın, əvvəllər də olduğu kimi, Bələdiyyə sədri olmaq istəyir və artıq bu məqsədlə müraciət də edib.

Qeyd edək ki, Ər-Rumeylinin Kasablankanın Bələdiyyə sədri olduğu halda Səhiyyə və Sosial Müdafiə naziri vəzifəsinə təyinatı ölkədə narazılıqla qarşılanıbmış. Bildirilir ki, hazırda Mərakeşin müxtəlif şəhərlərinin bələdiyyə sədrləri var ki, eyni zamanda nazir postunda da otururlar. Bunlardan Agadir Bələdiyyəsinin sədri olan Baş nazir Əziz Ahnuşu, Mərakeş Bələdiyyəsinin rəhbəri, eləcə də Tikinti və İnşaat naziri Fatimə Zəhra Mansurini və Terudent Bələdiyyəsinin sədri olan Ədalət naziri Əbdüllətif Vəhbini misal çəkə bilərik. 
Xatırladaq ki, Liberal yönümlü Milli Müstəqillər Birliyi Partiyası seçkidə birinci çıxandan sonra hökuməti qurma səlahiyyəti alan Əziz Ahnuş, liberal Ləyaqət və Müasirlik Partiyası ilə mühafizəkar İstiqlal Partiyasının koalisiyasını yaradıb. Milli Müstəqillər Birliyi 7, Ləyaqət və Müasirlik Partiyası 6, İstiqlal Partiyası isə 4 nazir postunu əldə edib. 

Oxunma sayı 495