Mərakeş Daxili İşlər Nazirliyi, episentri Mərakeşin Əl-Huz bölgəsində olan 7 bal gücündə zəlzələdə həyatını itirənlərin sayının 2212 nəfərə, yaralananların sayının isə 1404-ü ağır olmaqla 2476-ya yüksəldiyi yüksəldiyini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, nazirlikdən verilən yazılı açıqlamada bildirilib ki, ölüm halları Əl-Huz bölgəsi, Tarudant, Şisava, Verzazat, Mərakeş, Azila, Aqadir, Kasablanka və Yusifiyyə bölgələrində qeydə alınıb.
Qeyd olunub ki, Mərakeş Silahlı Qüvvələri, yerli idarələr, təhlükəsizlik qüvvələri və mülki müdafiə qrupları axtarış-xilasetmə işlərini davam etdirir, humanitar yardımların zəlzələ bölgələrinə çatdırılması üçün bütün imkanlar səfərbər edilib.

Mərakeş mediası ötən gün yerli vaxtla saat 23.10-da zəlzələnin paytaxt Rabatla yanaşı, Kasablanka, Meknes, Aqadir və Fes şəhərlərində də hiss edildiyini bildirib.
Mərakeşin Ədliyyə naziri Əbdüllətif Vəhbi bildirib ki, zəlzələnin gücündən bir sıra kəndlər ümumiyyətlə xəritədən silinib.
Bu arada, Mərakeş Kral Məhkəməsi zəlzələnin fəsadları ilə bağlı keçirilən təcili iclasa Kral VI Məhəmmədin sədrlik etdiyini, vəliəhd şahzadə Həsənin də iştirak etdiyini açıqlayıb.
Mərakeş Kral Məhkəməsinin açıqlamasında, Kral Məhəmmədin müxtəlif sektorların yaralıların sağalmasını sürətləndirmək üçün axtarış-xilasetmə qruplarına dəstək verməsi, zərər çəkmiş bölgələrə içməli su təminatı, ərzaq yardımı və odyalların paylanması kimi təcili tədbirləri nəzərdən keçirdiyini bildirib.
Açıqlamada Mərakeş Silahlı Qüvvələrinin havadan və qurudan humanitar və maddi-texniki dəstək verdiyi, həmçinin xüsusi axtarış-xilasetmə bölmələri və səhra xəstəxanasının istifadəyə verildiyi qeyd edilib.

Kral Məhəmməd evləri dağılan insanların qayğısına qalmağı, vətəndaşlardan, dövlət və özəl təşkilatlardan ianə almaq üçün Xəzinədarlıq və Mərakeş Bankında xüsusi hesab açılmasınna dair göstəriş verib.
Kral həmçinin üç günlük milli matəm elan edilməsini və ictimai binalarda bayraqların yarıya endirilməsini əmr edib. O, zəlzələdə həyatını itirənlərin unudulmaması lazım olduğunu xatırladıb və onlar üçün dua edib.
Kral hər cür mümkün fəlakətə hazır olmaq üçün bütün ölkədə çadır, dərman və ərzaq kimi zəruri ehtiyatlarının yaradılmasını tapşırıb.
Bu arada, dünya ölkələrindən Mərakeşə humanitar dəstək təklifləri davam edir. Amma son məlumata görə, hələlik yalnız dörd ölkənin - İspaniya, Böyük Britaniya, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin yardım təklifi rəsmi Rabat tərəfindən qəbul olunub.