Bir qrup elm adamı koronavirus (Covid-19) xəstələrini müalicə etmək üçün istifadə edilən antiviral dərmanın virusda mutasiyaya səbəb ola və yeni variantların təkamülünə təkan verə biləcəyini irəli sürüb.
Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, “Lagevrio” brendi altında satılan “Molnupiravir” dərmanı koronavirusu məhv edərək mutasiya uğratmaq etmək üçün hazırlanıb. Lakin tədqiqatçılar virusun bəzən müalicədən sağ çıxa biləcəyinə dair sübutlar tapıblar ki, bu da zaman-zaman digər insanlara yayılan mutasiyaya uğramış variantlara səbəb olur.
“Molnupiravir”in koronavirusun daha təhlükəli variantlarını istehsal etdiyinə dair heç bir sübut yoxdur. Bununla belə, alimlər mutasiyaların təbiətdəki virusun genetik müxtəlifliyini artırdığını və onun gələcək təkamülü üçün daha çox variant təmin etdiyini vurğulayıblar.
Tədqiqatın nəticələrini “Nature” jurnalında yazan elm adamları, “Molnupiravir” dərmanının vaxtaşırı koronavirusun yüksək mutasiyaya uğramış, lakin canlı formalarını yarada biləcəyinə dair çoxlu dəlillərin olduğunu da bildiriblər.
15 milyondan çox koronavirus genomunu ehtiva edən qlobal məlumat bazalarını nəzərdən keçirdikdən sonra alimlər “Molnupiravir” dərmanının istifadəyə verilməsindən sonra 2022-ci ildən etibarən viruslarda əhəmiyyətli mutasiyalar aşkarlayıblar.
Tədqiqatçılar həmçinin bu mutasiyaların Böyük Britaniya, Avstraliya, ABŞ və Yaponiya kimi “Molnupiravir”dən ən çox istifadə edən ölkələrdə daha çox olduğunu müəyyənləşdiriblər. Əlavə təhlillər göstərib ki, marker mutasiyaları dərmanla müalicə olunma ehtimalı daha çox olan yaşlı xəstələrin nümunələrində daha çox görülür.
Tədqiqatın aparıcı müəllifi və Londondakı Francis Crick İnstitutunun tədqiqatçısı Dr. Theo Sanderson araşdırma haqqında bunları söyləyib: “İnsanların “Molnupiravir”lə bağlı bəzi narahatlıqları var və bu, onları daha konkret edir. Bilirik ki, bu viruslar xeyli sayda mutasiyadan sonra da sağ qala və bəzi hallarda yoluxucu ola bilər".
Tədqiqatçılar deyirlər ki, bu tapıntılar “Molnupiravir” və oxşar təsir göstərən digər dərmanların risk və faydalarını qiymətləndirməyə davam etmək üçün vacibdir.
“Molnupiravir” adlı dərmanı istehsal edən ABŞ-da yerləşən Merck şirkətinin verdiyi açıqlamada dərmanın virusun çoxalmasını pozduğu, bunun da yoluxma riskini azaltdığı bildirilib.