Müharibə ehtimalı azdır - ekspert

10:24 23.11.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün Fransanın, ABŞ-ın Ermənistanı ciddi-cəhdlə silahlandırması Cənubi Qafqaz regionunun gələcəyi kontekstində birmənalı qarşılanmır. Başqa bir dövlətin ərazi bütövlüyünə, suverenliyinə qarşı işğal siyasəti yürüdən Ermənistan beynəlxalq hüquq normaları ilə məhkəmələrə cəlb olunmalı olduğu halda, özünü həmin o normaların etalonu sayan Avropa və Qərb, nədənsə, işğalçını silahlandırmağa daha çox həvəs göstərirlər. Bu kontekstdə Ermənistanin KTMT demarşı və Rusiyanin buna cavabının necə olacağı, İran sərhədlərində Fransa və ABŞ-ın timsalında NATO silahlarının peyda olmasına hansı reaksiyanın veriləcəyi və sair sualların cavabı, həm də yeni gərginlik ocağının yaranacağından xəbər verir. Bu istiqamətdə hərbi ekspert Ədalət Verdiyev “Həftə içi”nə danışdı.

Ekspert bildirir ki, söhbət Fransanın Ermənistana verdiyi “Bastion” zirehli personal daşıyıcılarından gedirsə, bu texnikalar Yaxın Şərq və Afrika iqliminə uyğunlaşdırılıb, onların Ermənistan üçün effektivlik dərəcəsi böyük sual altındadır. Fransanın bu addımı Ermənisanı bir qədər cəsarətləndirsə də, güc balansına və ya Azərbaycanla Ermənistan arasında hərbi potensial fərqinə təsir etməz:

“Hindistandan və Fransadan Ermənistana edilən silah tədarükü İrəvana xoşbəxtlik gətirməyəcək. Bəlkə də tam əksinə. Ola bilsin, Ermənistan hərbi təxribatları davam etdirsin. Bu isə əvvəlki təxribatlarda olduğu kimi, Ermənistan üçün çox ağrılı, acılı nəticələrə gətirib çıxaracaq”.

Ə.Verdiyev hesab edir ki, Ermənistanın  KTMT-yə qarşı addımları Rusiya tərəfindən kifayət qədər sərt bir şəkildə qarşılanacaq:

“Rusiyanın Ermənistan ərazisində qoşun saxlaması üçün 2044-cü ilə qədər müqaviləsi mövcuddur və Rusiyanın 102-ci hərbi bazası da bugünkü günə qədər Ermənistan ərazisində fəaliyyətini davam etdirir. Bu məsələlər, bəlkə də Ermənistanın yaxın perspektivdə Suriyaya çevrilməsinə qədər gətirib-çıxara bilər. Hər halda, Kreml Ermənistanın bu addımlarını sərt şəkildə qarşılayacaq və onu mümkün qədər öz təsir dairəsində saxlamaq üçün müəyyən addımlar atacaq. Bu addımlar da Ermənistan daxilində cəmiyyətin parçalanmasına və mövcud təhlükəsizlik konsepsiyasının dağılmasına gətirib çıxaracaq”.

Ə.Verdiyev hesab edir ki, hazırkı mərhələdə İran öz sərhədlərində NATO silahlarının, ABŞ-ın, Fransanın iştitrakını görməkdən narahat olsa da, bunu aşkar şəkildə büruzə vermir. Ekspertin fikrincə, İranın Avropa ilə bağlantısı Ermənistan üzərindən olduğu üçün bir qədər təmkinli davranmağa və yaxud bu məsələləri hələlik qapalı şəkildə müzakirə etməyə üstünlük verir. O, Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması məsələsinin sadə proses olmadığını qeyd edib:

“Rusiya hərbi bazalarının çıxarılması Ermənistan üçün elə də asan olmayacaq. Bu proseslər kifayət qədər ağrı-acılı, bəlkə də silahlı toqquşmalara qədər gətirib-çıxara biləcək prosesdir. Belə bir şəraitdə Azərbaycanın sərgilədiyi mövqeyə, münasibətə gəlincə, Azərbaycan hadisələri diqqətlə izləyir. Azərbaycan Ermənistanın yeni bacılarının verdiyi silahların növünü, tərkibini öyrənir və mümkün təxribatlarına qarşı alternativ addımlarını planlaşdırır, bunu keçirilən təlimlərə, döyüşə yaxın şəraitdə cilalayır”.

Ekspert bu gün Ermənistanın Ukraynanın taleyinə bənzər ömür yaşadığını müqayisələr aparmaqla önə çəkib: “İndiyə qədər Avropa İttifaqı və ya ABŞ-ın hərbi dəstək verdiyi ölkələrdən hansı biri münaqişələrdən qalib ölkə və yaxud da minimal itkilərlə çıxıb? ABŞ, Qərb kimə dəstək veribsə, o cümlədən Ukraynanın, Əfqanısatanın, Gürcüstanın aqibəti hamıya məlumdur”.

Ə.Verdiyev baş verən bütün proseslərin kontekstində hesab edir ki, hazırda bölgədə müharibə ehtimalı çox da böyük deyil:

“Ən azından Vətən Müharibəsindən sonrakı dövrdə Ermənistanla şərti sərhəddə atəşkəsin minimum pozulması halları ilə rastlaşmırıq. Bunu nə Ermənistan tərəfi, nə də Azərbaycan tərəfi rəsmi olaraq məlumatlarında da qeyd edir. Təbii ki, sülh imkanları mövcudur, perspektivlər də var.  Ermənistanın həqiqətən də sülh istəməyinə dair əlimizdə faktlar yoxdur. Əgər Ermənistan silahlanmaya meyillənirsə, bunun adını sülh naminə addım adlandırmaq olmaz. Əksinə, 30 il işğal tarixinə malik Ermənistan silahlanma barədə düşünüb, bu istiqamətdə real addımlar atırsa, bu, Azərbaycana qarşı döyüş potensialını bərpa etmək, yaxın və orta perspektivdə təxribatlara, toqquşmalara aparacaq addımlar atmaq istəyindən xəbər verir”.