Paytaxtın Nəsimi rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası təşkil edilib.
Nəsimi Rayon İcra Hakimiyyətindən hafta.az-a verilən məlumata görə, aktiv iş axtarışında olan rayon sakinləri yarmarkaya dəvət edilərək müvafiq vakant iş yerləri ilə tanış olublar.
Bakı Regional Məşğulluq filialı tərəfindən keçirilən aktiv məşğulluq tədbirində 30 müəssisə tərəfindən 1000-dək iş yeri təqdim edilib, işsiz və işaxtaran şəxslərə işəgötürənlərlə əlaqə qurmaq və boş iş yerləri ilə tanış olmaq imkanı yaradılıb.
Tədbirdə vakansiyalarla bağlı müraciət edən şəxslərin CV-ləri qəbul edilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.
Yarmarkada işsiz və işaxtaran şəxslərə agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib. Yeni peşəyə yiyələnmək istəyən vətəndaşlara isə işəgötürənlərlə əməkdaşlıq çərçivəsində tədris kursları təqdim edilib.