Ukrayna administrasiyası iddia edib ki, ABŞ-ın aparıcı qəzetlərindən olan “New York Times”ın müxbirləri həm də Rusiya xüsusi xidmətində işləyirlər.
Hafta.az-ın yazdığına görə, Ukrayna Dezinformasiya ilə Mübarizə Mərkəzinin (CCD) bəyanatında qəzet Moskva ilə Kiyev arasında mümkün sülh danışıqları ilə bağlı xəbərlərə münasibət bildirib. Açıqlamada, “Rusiya bu mətni yazmaq üçün Moskvada çalışarkən işlətdiyi amerikalı jurnalistlərdən istifadə edib” deyilir.
“New York Times”da dərc olunan xəbəri qəzetin Moskva bürosunun rəhbəri Anton Troyanovski, həmçinin jurnalistlər Adam Entus və Culian E.Barnes imzalayıblar.
Kremlə yaxın keçmiş məmurlara və ABŞ rəsmilərinə əsaslanan xəbərdə Rusiya lideri Vladimir Putinin sentyabrdan bəri vasitəçilərin dəstəyi ilə atəşkəsə hazır olduğu mesajını verdiyi iddia edilib.
CCD-nin bəyanatında xəbərlərin işlənməsi tənqid edilərkən, Moskvanın Qərbdən dəstəyin qarşısını almaq üçün Ukrayna ordusuna “atəşkəs mesajı” göndərə biləcəyinə də diqqət çəkilib. Açıqlamada, "Unutulmamalıdır ki, Rusiya bir tərəfdən sülh oyununu oynayır, digər tərəfdən də müdafiə sənayesi və ordusuna daha çox sərmayə qoyur. Təbii ki, xəbərlərdə bundan bəhs edilmir" deyə bildirilib.
Açıqlamada xəbərin ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçilmək şansını artırmaq üçün yazıldığı da iddia olunub. Tramp bundan əvvəl prezident seçiləcəyi təqdirdə Ukrayna müharibəsini tez bir zamanda dayandıracağına söz vermişdi.
“New York Times” xəbərində Putinin tərəflərin hazırkı mövqelərindən razı olduğu və onu qoruyub saxlayaraq atəşkəs sazişi imzalaya biləcəyi vurğulanıb. Xəbərdə əvvəllər işğal olunmuş bütün torpaqları geri alacağına söz verən Ukrayna rəhbərliyinin belə bir razılaşmanı qəbul edib-etməyəcəyinin bəlli olmadığı qeyd edilib.