Bu yaxınlarda Brüsseldə Avropa İttifaqı (Aİ) Liderlərinin Zirvə toplantısında gündəmə gətirilən Ukraynanın Aİ-yə daxil olması ilə bağlı müzakirələr Macarıstanın baş naziri Viktor Orbanın da gündəmindədir.
Hafta.az-ın yazdığına görə, Orban 2023-cü ili dəyərləndirdiyi mətbuat konfransında "Ukrayna uzun illər Aİ-yə daxil ola bilməyəcək" deyib.
“Strateji tərəfdaşlıq sazişi imzalamaq və ukraynalılara bu sazişlə kömək etmək mümkünsüzlüyü ilə bağlı həqiqət aydınlaşdırılmalıdır. Amma üzvlük danışıqlarının başlaması ukraynalılara kömək etmir” deyən baş nazir bildirib ki, Ukraynada Rusiya ilə davam edən müharibə beynəlxalq qaydalara əsasən “xüsusi hərbi əməliyyat”dır, çünki Rusiya Ukraynaya rəsmən müharibə elan etməyib və ümumi səfərbərlik başlatmayıb.
Orban oktyabrda Pekində Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı Ukraynadakı münaqişəni niyə “xüsusi hərbi əməliyyat” kimi xarakterizə etdiyini soruşub. Orban bu suala verdiyi cavabda "Rusiya Ukraynaya müharibə elan etmədiyi üçün bu xüsusi hərbi əməliyyatdır. Biz sevinməliyik ki, hələlik müharibə yoxdur. Çünki müharibə ümumi səfərbərlik deməkdir" bildirib. Bununla yanaşı, Orban sözügedən vəziyyətin Ukrayna üçün münaqişə deyil,müharibə olduğunu və Ukraynada total səfərbərlik elan edildiyini də vurğulayıb.
Orban açıqlamasında, mümkün sülh razılaşmalarının məzmunu barədə danışmağın hələ tez olduğunu, çünki əvvəlcə atəşkəs barədə razılığa gəlmək və sülh danışıqları aparan tərəflərin mahiyyətini anlamaq lazım olduğunu bildirib.