“Ordu helikopterlərdən atəş açarkən mülki şəxslər də ölüb” – “Haaretz” qəzeti

10:05 20.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Haaretz” qəzeti İsrail təhlükəsizlik rəsmilərinin Həmas-ın 7 oktyabrda Qəzzadan həyata keçirdiyi hücumla bağlı verdiyi təhlükəsizlik qiymətləndirməsi ilə bağlı məlumat yayıb.

Hafta.az-ın yazdığına görə, İsrailin yüksək rütbəli təhlükəsizlik rəsmilərinin Həmas üzvlərinin sorğu-sual qeydləri və polisin hadisə ilə bağlı araşdırmasına əsaslanan qiymətləndirməsində, Qəzza zolağı yaxınlığında keçirilən musiqi festivalı ilə bağlı Həmas-ın əvvəlcədən məlumatının olmadığı bildirilib.

Təhlükəsizlik rəsmilərinin Həmas-ın hücum zamanı pilotsuz təyyarələr və paraşüt elementləri sayəsində musiqi festivalından xəbər tutduğunu və onları rabitə sistemindən yararlanaraq bölgəyə yönəltdiyini təxmin etdiyi bildirilib. Xəbərə görə, polisin araşdırması nəticəsində məlum olub ki, festival iştirakçılarının əksəriyyəti ilk atəş səsinin eşidilməsinə yarım saat qalmış şənliyin dayandırılmasına qərar verildiyi üçün qaçmağı bacarıb.

“Haaretz”, İsrail döyüş helikopterinin Həmas üzvlərinə atəş açarkən mülki vətəndaşları vurduğunun da ortaya çıxdığını iddia edərək, bu açıqlamaları verib: “Polis mənbəyinin sözlərinə görə, araşdırma həmçinin göstərir ki, İsrail ordusunun döyüş helikopteri hadisə yerinə gəlib və görünür, oradakı terrorçulara, həmçinin bəzi festival iştirakçılarına atəş açıb. Polisin məlumatına görə, festivalda 364 nəfər həlak olub.

İsrailin "Yedioth Ahronoth" qəzeti də oktyabrın 7-də Həmas-ın Qəzzadan həyata keçirdiyi hücuma İsrail Hərbi Hava Qüvvələri helikopterlərinin müdaxilə etdiyi anlarla bağlı xəbər yayıb. Xəbərlərdə bu iddia yer alıb: “Həmas terrorçularına yavaş-yavaş kütləyə qarışmaq və heç bir şəraitdə hərəkət etməmək tapşırılıb. Beləliklə, hava qüvvələrini aşağıdakı insanların israilli olduğuna inandırmağa çalışıblar. Bu aldatma, “Apaçi” helikopterləri bütün məhdudiyyətlərdən xilas olanadək bir müddət işlədi. Pilotlar kimin terrorçu, kimin israilli olduğunu ayırd etməyin çətin olduğunu anlayanda bəziləri səhər saat 09:00 radələrində yuxarılardan icazə almadan müstəqil şəkildə terrorçulara qarşı artilleriya atəşi açmaq qərarına gəliblər”.