Pakistan BRİCS-ə üzv olmaq üçün rəsmi müraciət edib.
Hafta.az-ın yazdığına görə, Rusiya mətbuatına açıqlama verən Pakistanın Moskvadakı səfiri Məhəmməd Xəlil Cəmali ölkəsinin BRICS-ə üzvlük üçün rəsmi müraciət etdiyini və üzvlük prosesində Rusiyanın dəstəyinə inandığını bildirib.
Pakistanın BRİCS-in tamhüquqlu üzvü olmaq istədiyini bildirən Cəmali, bu mövzuda İslamabada dəstək olmaq üçün digər üzv ölkələrlə əlaqə saxladıqlarını qeyd edib. O, Pakistanın 2024-cü ildə Rusiyanın prezidentliyi dövründə BRİCS-ə üzv olacağına ümid etdiklərini bildirib.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov 2024-cü ildə Kazanda keçiriləcək BRİCS sammitinə doğru Latın Amerikası da daxil olmaqla, BRİCS-ə üzv ölkələrin sayını artırmaq üçün namizəd ölkələrin siyahısı ilə bağlı razılığın əldə edilməsinin planlaşdırıldığını bildirmişdi.
Avqust ayında Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən 15-ci BRICS Sammitində liderlər Argentina, İran, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Efiopiyanın üzvlük müraciətlərini təsdiqləyiblər.
Sözügedən qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.