Pakistan Qərbə ölkələrinə getmək istəyən əfqan immiqrantlardan “haqq” alır

10:15 23.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistan rəhbərliyi Qərb ölkələrinə getmək istəyən əfqan qaçqınlardan “çıxış pulu” olaraq 830 dollar tələb etməyə başlayıb.

Hafta.az-ın "The Guardian"a istinadən yazdığına görə, Pakistan daha əvvəl sənədsiz immiqrantların ölkəni tərk etməsi üçün 1 noyabr tarixi təyin etmiş və bu tarixdən sonra kütləvi deportasiya prosedurlarına başlamışdı.

Ölkədə təxminən 2 milyon sənədsiz əfqan qaçqının olduğu təxmin edilir.

Oktyabrın 1-dən ölkəni tərk edən əfqanların sayı 370 mini keçib. Onların minlərləsi 2021-ci ildə Taliban yenidən hakimiyyətə gəldikdən sonra ölkədən qaçan əfqanlardır. Lazımi sənədləri olmayan və ya viza müddəti bitmiş mühacirlərin bir qismi Qərb ölkələrinə getmək üçün lazımi prosedurların tamamlanmasını gözləyir.

ABŞ hökuməti təxminən 25 min əfqan immiqrantı Pakistandan qəbul etməyi planlaşdırarkən, İngiltərə hökumətinin təyin etdiyi rəqəm 20 mindir.

Pakistanda işləyən beş yüksək rütbəli Qərb diplomatı “The Guardian”a verdiyi açıqlamada, tələb olunan “çıxış haqqının” şokedici və misli görünməmiş olduğunu bildirib.

Diplomatlardan biri "Bilirəm ki, bu, Pakistan üçün iqtisadi baxımdan çox çətindir. Amma qaçqınlardan pul qazanmağa çalışmaq həqiqətən çirkindir. Biz də məsələni paytaxtlara çatdırdıq. Məncə, hər kəs öz mesajını pakistanlı həmkarlarına ötürərdi” deyib.

Başqa bir diplomat məsələ ilə bağlı narahatlıqlarını dilə gətirdiklərini, lakin Pakistan rəsmiləri çıxış haqqının ilkin qərar olan 10 min dollardan 830 dollara endirildiyini bildirərək onların narahatlığına cavab veriblər.

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra Bəluç çıxış haqqı siyasətində heç bir dəyişiklik olmayacağını bildirib.

Bəluç "Bu insanlar son iki ildir buradadırlar. Onlar qaçqın deyil, sənədləri olmayan və vizası bitmiş mühacirlərdir. Biz müvafiq ölkələrin viza və təsdiq prosesini sürətləndirməsini, bu insanların mümkün qədər tez buraxılmasını xahiş edirik” deyib.