Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Qarabağla bağlı bir çox etiraflar edib. O, 1996-cı ildən Qarabağ məsələsinin artıq mövcud olmadığını bildirib və “Dağlıq Qarabağ” məsələsinin erməni dövlətçiliyinin inkişafına maneə olmaq üçün rıçaq kimi istifadə edildiyini deyib.
Paşinyanın Qarabağla bağlı etirafları nəyə hesablanıb. Bu, region, gələcək sülh müqaviləsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlik hansı gediş ola bilər və hansı alt niyyətlər güdülür?
Politoloq Rəşad Bayramov hafta.az-a bildirib ki, Paşinyanın Qarabağ etirafları sülh sazişinin imzalanması üçün ictimai rəyin hazırlanmasına hesablanıb. Onun fikrincə, ABŞ, Avropa İttifaqı və digər beynəlxalq güclər sülh sazişinin vacibliyini onlara “anladandan” sonra Ermənistanın başqa yolu qalmayıb.
Ermənistan çox yaxşı bilir ki, qısa müddət ərzində Azərbaycanla sülh sazişi imzalamağa məcburdur. Onun sözlərinə görə, Paşinyanın problemləri özündən əvvəl aparılan yanlış siyasətin üzərinə yıxması, hakimiyyətə gəldikdən sonra bu barədə açıq danışa bilməməsi, 30 il ərzində Qarabağ problemi üzündən Ermənistanda müstəqil dövlətin qurula bilinməməsi və Rusiyanın boyunduruğu altında fəaliyyət göstərməsi ilə bağlı çıxışları birbaşa ictimai rəyi hazırlamağa hesablanıb.
Politoloq eyni zamanda hesab edir ki, Paşinyanın çıxışında toxunduğu məqamlar birbaşa regional layihələrdən kənarda qalmasının etirafıdır. Onun fikirncə, artıq Paşinyan hakimiyyəti Azərbaycanla sülh müqaviləsini imzalamadan başqa bir yolun olmadığını yaxşı bilir.
“Azərbaycanla münasibətlərin normallaşması, kommunikasiya xətlərinin açılması gələcəkdə Ermənistan üçün böyük imkanlar yarada bilər. Bu gün ABŞ, Fransa, Avropa İttifaqı təhlükəsziliklə bağlı Ermənistana zəmanət versə də, iqtisadi baxımdan Rusiyanı əvəzləyəcək güc deyillər. Ermənistanı Rusiyanın boyunduruğundan çıxarmaq üçün yeganə imkan Azərbaycanla sülh sazişinin imzalanması ola bilər. Ermənistan regional layihələrə qoşulub maliyyə imkanları qazanar, eləcə də sülh sazişindən sonra Türkiyə-Ermənistan sərhədinin açılması ilə Türkiyə iqtisadiyyatının Ermənistana daxil olmasına imkanlar açılar. Bu gün Rusiya iqtisadiyyatını zəiflədəcək istiqamətlər məhz budur. Paşinyan hakimiyyəti, havadarları bunu dərk etdikləri üçün Azərbaycanın şərtləri daxilində sülh sazişinin imzalanmasına hazırlaşır”.
R.Bayramov bildirib ki, çox yaxın perspektivdə, ilin sonuna olmasa da, prezident seçkilərinə qədər Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasının şahidi ola bilərik.
R.Bayramov mövcud reallığa əsasən, Paşinyanın Qarabağ etiraflarında “alt məna”nın ola biləcəyini istisna edib. Paşinyanın bu günə qədər sülh danışıqlarında vaxtı uzatmağa çalışdığını və Ermənistanı dünyada “sülh təşəbbüsçüsü” kimi çıxış etdiyini deyən politoloq, bu gün Ermənistanın başqa çıxış yolunun qalmadığını deyib.
“Əgər Paşinyan dediyi kimi, həqiqətən də Ermənistanı müstəqil, özü-özünü dolandıra bilən dövlətə çevirmək istəyirsə, ilk növbədə Azərbaycanla münasibətləri normallaşdırmalı və sülh sazişini imzalamalıdır”.