Putin-Ərdoğan görüşünə siyasi baxış

15:31 30.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri çərçivəsində Prezident Vladimir Putinlə baş tutan Soçi görüşü ilə bağlı gözləntilər müxtəlif aspektlərdə təhlil olunur.  Bu görüşdən sonra Qafqazda nələr dəyişə bilər? Eləcə də, Putin-Ərdoğan görüşünün Azərbaycan-Ermənistan arasındakı problemlərə təsiri olacaqmı və bundan sonra atılacaq addımlarla bağlı hansı razılaşmalar əldə olunacaq?

Bu istiqamətdə  hafta.az-a açıqlama verən Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, görüşdə regionda sülh və üçtərəfli bəyanatın icrası ilə bağlı məsələlər ifadə edilib. Onun sözlərinə görə, Rusiya Zəngəzur dəhlizinin açılması ilə bağlı öz marağını dəfələrlə ifadə edib.  Medianın iştirakı ilə keçirilən görüşdə Ağdamda yerləşən Türkiyə-Azərbaycan Monitorinq qrupunun fəaliyyətinə müsbət qiymət verilib.

“Mənə elə gəlir ki, üçtərəfli atəşkəs bəyanatının bütün bəndlərinin yerinə yetirilməsi ilə bağlı  hansısa ciddi fikir ayrılığı olmamalıdır. Türkiyə-Rusiya münasibətlərinin normal müstəvidə inkişafı əslində bizim bölgədə də sabitliyin, əməkdaşlığın, kommunikasiyaların açılmasına müsbət təsirini göstərəcək. Görüş başlayan zaman ikitərəfli münasibətlərin inkişafı - siyasi, iqtisadi əlaqələr, turizm məsələləri barədə deyildi və müsbət irəliləyişin olduğu qeyd olundu. Bu görüş müsbət nəticələnəcək və bizim  bölgəmizdə də sabitliyin yaranmasına özünün təsirini göstərəcək”.  

A.Mollazadə hesab edir ki, görüşdə müzakirə olunan əsas məsələ Suriya ilə bağlıdır.  O, bu istiqamətdə də müəyyən razılıqların olacağına inandığını deyib.  “Bu gün yeganə problematik məsələ Suriyadır.  Orada da hansısa razılaşma mümkündür”.