Kanadada bir qadın öz toyuna bir neçə gün qalmış komadan oyanıb və dərhal evlənib. Bu barədə “Global News” məlumat yayıb.
Kanadanın London şəhərinin sakini Sara Kempinska nişanlısı ilə iki ildir ki, toya hazırlaşır. Mərasim iyunun 3-də baş tutmalı idi. Bundan bir qədər əvvəl qadın əməliyyat olunub: o, ağciyərlərə və tənəffüs yollarına təsir edən otoimmün xəstəlikdən əziyyət çəkir və vaxtaşırı şişləri çıxarmaq üçün xəstəxanaya gedir. Əməliyyatdan sonra onun vəziyyəti pisləşib və həkimlər onu tibbi səbəblərdən komaya salmalı olublar.
Planlaşdırılan toy təhlükə altında olsa da, gəlinin yaxınları ümidlərini itirməyərək mərasimə hazırlaşmağa davam ediblər. Bəy gəlinin mobil telefonundan istifadə edib, onun toy planlarını öyrənib və özünün bacarmadığı hər şeyi edib. Xəstəxana işçiləri ona kömək etmək üçün əllərindən gələni ediblər: hətta qadın huşsuz vəziyyətdə olan zaman saçlarına baxıblar.
Ailə toyu təxirə salmağa hazır olsa da, qadın tədbirə dörd gün qalmış oyanmağı bacarıb. Müalicə kursu başa çatıb, səhhəti yaxşılaşıb. Nəticədə xoşbəxt bir şəkildə evlənir və başına gələn hər şeyi bir növ möcüzə hesab edir.