“Yəqin, heç kəsə sirr deyil ki, Ermənistanda “müxalifət” hesab edilən, Paşinyan hakimiyyətinə qarşı müxalifətdə olan Qarabağ klanının arxasında Rusiya dayanır. Bu, həmin klandır ki, Moskvanın himayəsi altında 20 il hakimiyyətdə olub və bu gün isə Putin rejimi onlardan Paşinyana qarşı istifadə edir. Fəqət, başlıca məqsəd Azərbaycanla Ermənistan arasında başlanmış sülh prosesini, sülh danışıqlarını pozmaqdır”.
Bu fikirləri siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu hafta.az-a açıqlamasında Ermənistandakı son ayların “müqavimət hərəkatı” və Rusiyaya bağlı revanşist müxalif qüvvələrin hakimiyyətə gələ bilmək şanslarından bəhs edərkən söyləyib.
“Qaldı bəhs edilən klanın Paşinyanı hakimiyyətdən devirməsi məsələsinə, hesab edirəm ki, bu, mümkün olmayacaqdır. Ona görə ki, son etiraz aksiyaları da onların erməni əhali arasında yetərincə nüfuzu olmadığını göstərir. Uzağı, 12-13 min erməni çıxır bu rusiyayönlü müxalifətin mitinqlərinə... Və Paşinyanın inqilab edərkən meydana çıxardığı 100 mindən yuxarı fəal etirazçıyla müqayisə də həmin rəqəm heç nədir... Təbii ki, belə miqyaslı aksiyalarla heç nəyi dəyişmək mümkün deyil”- açıqlamasının ardında bunları söyləyən siyasi şərhçi baş nazir Paşinyana qarşı hərbi çevriliş və ya sui-qəsd cəhdlərini də istisna etməyib.
“Əlbəttə, Paşinyana qarşı Rusiyaya bağlı hansısa oliqarx, həmçinin hərbi dairələr də cəlb oluna – yumşaq güc metodundan sərt güc metoduna keçilə bilər. Yəni hərbi çevrilişə, sui-qəsdlərə və ya oxşar digər addımlara cəhdlər də edilməsi gözləniləndir. Lakin düşünürəm ki, bunlar da alınmayacaq. Çünki Paşinyan sadə, sadəlöhv və təcrübəsiz görünməsinə rəğmən kifayət qədər çevik addımlar atır. Yaxın zamanlarda məhz Ermənistan ordusunda, Moskvaya bağlı erməni generallar arasında kütləvi həbslər də başlaya bilər. Yəni düşünmürəm ki, Paşinyan ölkədəki vəziyyətə nəzarət edə bilmir və etmir, kimin kim olduğunu bilmir. Adam artıq 4 ilə yaxındır ki, hakimiyyətdədir. O, bütün reallığı çox gözəl dərk edir. Və görünən odur ki, Paşinyanın Ermənistan əhalisi tərəfindən dəstəyi hələ ki, yetərincədir. Ona görə ki, Qarabağ klanı, bütün bu “miatsum”, “Qarabağın Ermənistana birləşdirilməsi” dedi-qodularına, təbliğatlarına baxmayaraq hər zaman yerli ermənilərlə Qarabağ erməniləri arasında bir ziddiyyət və daxili rəqabət olub. Və həmin ziddiyyət Qarabağ klanının 20 illik hakimiyyətindən sonra bu gün özünü daha qabarıq şəkildə göstərir. Hazırkı durumda onlar üçün bu şans yoxdur və Rusiyaya bağlı bu klan bir daha hakimiyyətə gələ bilməyəcək. Öncə dediyim kimi, hansısa təşkil olunmuş hərbi çevriliş, yaxud sui-qəd yoluyla bu, mümkün ola bilər. Amma sırf siyasi yolla, inqilab yoluyla Qarabağ klanının hakimiyyətə qayıdış şansları minimaldır. Belə bir şey baş verərdisə, bunu siyasətdə möcüzə kimi qəbul etmək olardı. Amma real siyasətdə möcüzə olmur, olursa da, çox nadir hallarda olur”- deyə Ərəstun Oruclu vurğulayıb.