Rus qaraciyər xəstəlikləri və qidalanma mütəxəssisi Dr. Nataliya Panina qaraciyərin zədələnməsinə səbəb olan 5 səbəb barədə xəbərdarlıq edib. Bildirib ki, qaraciyər öz quruluşuna görə yüksək bərpa qabiliyyətinə malik olsa da, bu qabiliyyətin müəyyən həddi var.
Hafta.az-ın “Gazeta Ru”ya istinadən yazdığına görə, Panina qaraciyərin zədələnməsinə səbəb olan 5 səbəbi sadalayıb:
1. Artıq çəki:
Piylənmənin özü şəkərli diabet, ürək-damar xəstəliklərinin və şişlərin inkişafının səbəbidir. Qaraciyər hüceyrələrində yığılan yağlar onun zədələnməsinə səbəb olur. Bəzi hallarda fibroz və digər xəstəliklərin kəskinləşməsi ilə də nəticələnir.
2. Dərmanlar və qida əlavələri:
Təsadüfi qida əlavələri və vitaminlər, antibiotiklər, ağrıkəsicilər, doğuşa nəzarət həbləri və hətta həddindən artıq miqdarda parasetamol istifadəsi zəhərli hepatitə səbəb ola bilər.
3. Spirtli içkilər:
Qaraciyər üçün təhlükəsiz olan spirt dozası yoxdur. Etanolun 40 qramdan çox dozası kişilər, 20 qramdan yuxarı dozası isə qadınlar üçün təhlükəli sayılır. Alkoqolun müntəzəm istifadəsi onunla əlaqəli qaraciyər xəstəliyinə gətirib çıxarır və nəticədə sirozla nəticələnir.
4. Doymuş və işlənmiş yağlar:
“Pis” xolesterinin səviyyəsini artıran heyvan mənşəli yağlar və trans yağlarla zəngin qidalar qaraciyər və ürək-damar xəstəliklərinə yol açır, fruktoza səviyyəsini artıraraq alkoqolsuz yağlı qaraciyər xəstəliyinin inkişafına kömək edir.
5. Bağırsaq bakteriyalarının çoxalması:
Bu vəziyyət antibiotiklərin fərq qoymadan istifadəsi, düzgün qidalanmaması və pəhrizdə lif çatışmazlığı ilə daha da ağırlaşır.