“Qazaxıstanın Qərblə artan əlaqələri bu ölkənin tarixən Rusiya və Çinin hökmranlıq etdiyi regionda müstəqilliyini qorumağa kömək edir”.
Hafta.az-ın yazdığına görə, bu haqda Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko “Politico”ya açıqlamasında bildirib.
Aİ, ABŞ və bütövlükdə Qərbin Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrinin əhəmiyyətindən artıq xəbərdar olduğuna diqqət çəkən qazax rəsmisi Qərbin hazırda region ölkələri ilə daha güclü əlaqələr qurmağa başladığını, Mərkəzi Asiya ölkələrinin rolunun güclənməsinə kömək etdiyini deyib.
Vasilenko bildirib ki, Qazaxıstan dünyadakı bütün tərəfdaşları ilə yaxşı münasibətlərə malikdir.
Nazir müavini əlavə edib ki, Qazaxıstan müstəqil ölkə kimi qonşu Rusiya və Çinlə münasibətlərini bundan sonra da inkişaf etdirəcək.
Noyabrın sonunda Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan və Özbəkistanla Aİ arasında əməkdaşlığı genişləndirməyə çağıraraq, Rusiyanın regiondakı mövqeyinin Ukraynadakı münaqişələr nəticəsində zəiflədiyini bildirib. Qeyd olunub ki, bu siyasətlər Mərkəzi Asiya ölkələrini Çinlə yaxınlaşmağa sövq edir və əlaqələrin genişləndirilməsi Aİ-nin Rusiyaya qarşı beynəlxalq sanksiyaların həyata keçirilməsinə nəzarəti bu ölkələrdən əldə etməsinə imkan verəcək.