Qüdsdəki kilsələrin rəhbərləri və patriarxları birgə bəyanat yayaraq, işğal altındakı Şərqi Qüdsdəki erməni məhəlləsində yəhudi məskunlaşanların fəaliyyətindən narahat olduqlarını bildiriblər.
Hafta.az-ın yazdığına görə, açıqlamada, həm də məskunlaşan israilli podratçının mübahisəli müqavilə əsasında erməni məhəlləsinin əhəmiyyətli bir hissəsinə haqq iddia etdiyi bildirilib.
Müqavilənin daha əvvəl ləğv edildiyinə diqqət çəkən açıqlamada israilli podratçının müvafiq qanuni kanallardan istifadə etmək əvəzinə “silahlı təxribatçıları işə götürdüyü” və bu şəxslərin park ərazilərinin girişini bağlayaraq söküntü prosesinə başladığı deyilir.
Erməni mətbuatında yer alan xəbərlərdə son günlər bölgədə gərginliyin artdığı və özəl mühafizə şirkətləri ilə birlikdə hərəkət edən yəhudi köçkünlərin buldozerlərlə məhəlləyə girdiyi bildirilib.
Mübahisəli müqavilə bir neçə il əvvəl Qüdsdəki erməni patriarx Nurhan Manuqyan tərəfindən imzalanıb. Fələstin və İordaniya administrasiyaları mübahisəli daşınmaz əmlak sövdələşmələrinə görə Manuqyanı patriarx kimi tanımayacaqlarını bəyan etdikdən sonra Ermənistan Patriarxlığı da müqavilədən çıxıb.
Ləğv edilmiş müqavilə Qüdsün “Köhnə Şəhər”dəki erməni məhəlləsinin 25 faizinə bərabər olan əraziləri əhatə edir.
Qüdsdəki kilsə rəhbərləri və patriarxlarının verdiyi birgə bəyanatda məsələnin məhkəmələr tərəfindən çözülməli olduğu vurğulanıb, xristian və erməni icmalarının torpaqların zəbtindən narahat olduğu bildirilib.
Açıqlamada, “Özlərini podratçı adlandıran şəxslərin bölgədəki erməni varlığını silmək üçün təxribatçı taktikalardan istifadə edərək törətdikləri qarışıqlar müqəddəs torpaqlarda xristian varlığını zəiflədir” deyilir.
Erməni mətbuatında yer alan xəbərlərdə İsrail polisinin ərazinin boşaldılmasını istədiyi, Patriarxlıqla birlikdə hərəkət edən ermənilərin isə insan zənciri və barrikadalar yaradaraq söküntünün qarşısını almağa çalışdığı bildirilib. Qeyd olunur ki, gərginlikdən sonra biri uşaq olmaqla üç erməni polis tərəfindən saxlanılıb.
4-cü əsrə aid olan erməni məhəlləsi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan Qüdsün “Köhnə Şəhər”i daxilində yerləşir.