Rizə - Artvin Hava limanı Türkiyə - Azərbaycan qardaşlığının simvoludur (TƏHLİL)

16:00 14.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qardaş ölkə Türkiyədə çoxdan gözlədiyimiz vacib hadisə - Rizə - Artvin Hava Limanının açılışı oldu. Dənizin qurudulması sayəsində ərsəyə gətirilmiş və bu layihə üzrə tikilmiş sayca beşinci olan Rizə - Artvin Hava Limanının açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bərabər Azərbaycanın dövlət başçısı İlham Əliyev də iştirak edib. İndi Türkiyədə və Azərbaycanda belə bir suala cavab hər kəsi maraqlandırır ki, iki qardaş ölkə prezidentlərinin açılışını etdiklərini bu hava limanı Türkiyəyə və ümumiyyətlə, regiona nə qədər lazımlıdır?

Birincisi, dünyanın harasından baxsaq görərik ki, dənizin üzərində inşa edilən Rizə - Artvin Hava Limanının Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə açılışı Azərbaycan - Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və durmadan inkişaf etdiyini göstərir. Nəzərə alaq ki, daha əvvəl də Türkiyə prezidenti işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfər edərək Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edib, iki ölkə arasında tarixi müttəfiqlik haqqında Şuşa bəyannaməsini imzalayıb və sair.

Müttəfiqlik haqqında Şuşa bəyannaməsindən söz düşmüşkən, bu saziş də öz növbəsində ötən əsrin əvvəllərində bağlanmış Qars müqavilısinə, daha sonra Dostluq və Əməkdaşlıq haqqında, eləcə də Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqavilənin davamıdır. Ölkə başçılarımız bu sazişləri imzalamaqla Azərbaycan - Türkiyə münasibətlərini daha da möhkəmləndirdi, iki xalqın tarix, soykök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqlədi, ölkələtimiz arasında dostluq və qardaşlığın nümunəvi xarakterini bütün dünyaya nümayiş etdirdi.

Konkret desək, hava limanının açılışında birgə iştirak iki qardaş ölkə arasında əlaqələr zəncirinin sadəcə bir xəlqəsidir.  

Ümumiyyətlə, həm Azərbaycan, həm də Türkiyə 21-ci əsrə sürətli inkişaf müstəvisində daxil olub. Məsələn, prezident İlham Əliyev öz hakimiyyəti dövründə Azərbaycanda iqtisadi-sosial tərəqqiyə stimul verib və ən əsası, az qala 30 ildir xalqımızın ürəyində qanlı yaraya çevrilmiş, ölkəmizin inkişafımıza ciddi maneələr törədən Qarabağ probleminin həllinə nail olub.

Rəcəb Tayyib Ərdoğan da, iqtidara gəldikdən sonra ölkənin daxili siyasi idarəetmə sistemində inqilablar edib, Türkiyənin qlobal güclərin ələbaxımlı, oyuncaq statusunu dəyişərək dünyada azsaylı sözükeçən, iri və güclü dövlətlərindən birinə çevirib. Bu gün Türkiyə dünyanın aparıcı güc mərkəzlərindəndir və hazırda bütün sahələrdə yüksək tərəqqi nümayiş etdirir. İndi Türkiyənin qarşısında duran ən vacib prioritetlər dövlətə məxsus, ötən əsrin əvvəllərində əlindən alınmış tarixi və haqlı imtiyazlarını qismən də olsa geri qaytarmaq, dövləti iqtisadi sferada qüvvətli bazaya çevirmək, xaricdən idxalı azaldaraq əksinə, öz məhsulunu “Türk malı” markasıyla dünyaya ixrac eləmək, müasir və çevik, əsasən milli olmaqla yeni nəsil silah və texnika ilə təchiz olunmuş orduya sahib olmaq, necə deyərlər, özü ilə müqayisədə “barmaq boyda boyu olan ölkələrin” bitib-tükənməyən diqtələrindən qurtulmaq dayanır.

   

Göründüyü kimi, iki qardaş ölkənin və iki qardaş münasibətlərinə malik prezidentlərin - İlham Əliyevin və Prezident Rəcəb Tayyip Ərdoğanın məqsədi yalnız iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasının bütünləşməsinə və güclənməsinə xidmət edir.

Bu yerdə prezident İlham Əliyevin Rizə - Artvin Hava limanının açılışında etdiyi çıxışından sitat gətirək: “Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik və ölkələrimiz çox böyük sınaq lardan keçib. Ötən il qədim və tarixi şəhərimizdə - Şuşada Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik. Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə - Azərbaycan birliyinin növbəti təzahürüdür”.

Azərbaycan prezidenti sözügedən mərasimdə ölkələrimizi və bütövlükdə türk millətini gözü götürməyənlərə sərt mesajlar da ünvanlayıb. Bildirib ki, Azərbaycanla Türkiyə hər zaman bir yerdədir – həm xoş, həm də çətin günlərdə və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərib.

Sitat: savaşın ilk saatlarından son anınadək qardaşım (Rəcəb Tayyib Ərdoğan – Red.) yanımızda idi, qardaş Türkiyə xalqı yanımızda idi. İkinci Qarabağ savaşı bizim müştərək, şanlı tariximizdir, 30 illik işğala son qoyduq. Savaşın ilk günündə hörmətli prezident, qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxu üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə, Şuşa şəhərində Azərbaycanın bayrağı ucalanadək Türkiyə yanımızda durdu, bizə arxa, dayaq oldu. Azərbaycan xalqı bu qardaşlığı heç vaxt unutmayacaq...

Azərbaycan prezidentinin Rizə - Artvin Hava Limanının açılışında iştirakı həm də AKP iqtidarının Türkiyədə və dünyada qazandığı böyük uğurlarının nəticəsidir. Buna misal olaraq, Azərbaycan prezidenti qeyd edib ki, bu hava limanının açılışı Türkiyədə gedən çox uğurlu prosesin təzahürüdür: “Qardaş Türkiyə gündən-günə sürətlə inkişaf edir və bütün bunların təməlində əziz qardaşımın (prezident Ərdoğanın – Red.) böyük əməyi var. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda ölkə daxilində də böyük layihələr həyata keçirməyə qadirdir. Bunlar arasında xüsusilə insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar – bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir”.

Bölgənin turizm sənayesi və ümumiyyətlə iqtisadi baxımdan çox böyük potensialı olduğunu öz çıxışında prezident İlham Əliyev xüsusilə qabardıb. Dövlət başçısı bildirib ki, Rizəyə ilk dəfə səfər edir və buranın gözəlliyi onu heyrətləndirib: “Təyyarənin pəncərəsindən bu gözəl mənzərəni seyr edərkən və artıq buradan da baxarkən əziz qardaşıma dedim ki, bu yer cənnətə bənzəyir. Rizənin, Artvinin, Qara dəniz bölgəsinin gözəl, füsunkar təbiəti böyük sərvətdir, amma ən böyük sərvət bu bölgənin insanlarıdır – mərd, vətənpərvər, döyüşkən, Türkiyə Cümhuriyyətinin keşiyində duran insanları”.

Rizə - Artvin Hava Limanının açılışı çox böyük geosiyasi mahiyyət daşıyır desək yanılmarıq. Çünki sözügedən bölgə Türkiyənin şimal-şərqində, Gürcüstanla sərhədə çox yaxın yerləşir. Hansı ki, bu bölgə Çindən başlayıb Türk-Turan regionunu, Xəzər dənizi bğlgəsini və Cənubi Qafqazı Türkiyəyə inteqrasiya edən qlobal layihələrdə önəmli rol oynayır. O cümlədən, Bakı-Tiflis-Qars dəmir yolu Gürcüstan sərhədlərindən məhz bu hava limanına yaxın coğrafiyada Türkiyənin dəmir yol şəbəkəsinə qovuşur. Bakı-Tiflis-Ceyhan, Bakı-Ərzurum qaz kəmərləri də bu coğrafiyadan keçir. Hava limanı Qafqazın lap yaxınlığında, əskidən Türkiyəyə məxsus olmuş, bu gün də Gürcüstanın timsalında olduqca izdihamlı əlaqələrə malik Acariyanın – Batuminin ikiaddımlığındadır. Üstəlik, yaxın gələcəkdə Azərbaycanla əlaqələri normallaşdıran Ermənistanın da Türkiyə ilə münasibətlərini qaydaya saldığını nəzərə alsaq, Rizə - Artvin Hava Limanının yaxın gələcəkdə gözlənildiyindən daha rentabelli işləyəcəyini demək mümkündür. Çünki Türkiyənin şimal-şərq bölgəsinə - Rizə, Artvin, Trabzon, Ərzurum və sair bölgə şəhərlərinə başda Azərbaycan olmaqla, Cənubi Qafqaz ölkələrindən, eləcə də İrandan çox sayda turist gəlir. Ən əsası, bu bölgə ilboyu qızmar günəşin istisindən boğaza yığılan varlı ərəb turistlərin sevimli istirahət yeridir. Yaxın gələcəkdə ərəb ölkələri ilə yanaşı Qafqaz ölkələrindən, eləcə də Rusiyadan birbaşa və çarter olmaqla, Rizə - Artvin Hava limanına beynəlxalq uçuşların başlayacağına da ümid böyükdür. Bu da yaxın beş ildə sözügedən bölgənin iqtisadi-sosial inkişafının böyüməsinə, yerli insanların işlə təmin olunmasına və gəlirlərinin artmasına stimul verəcək.

Bu arada, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qeyd edib ki, yeni açılan hava limanı hökumətin iş və xidmət siyasətinin ən son nümunələrindən biridir: “Dünyada dənizi doldurmaqla tikilmiş cəmi 5 hava limanı var. Rizə - Artvin limanı ilə birlikdə ikisi ölkəmizdədir. Ölkəmizin sərhəd məntəqəsində qurduğumuz hava limanı bir çox sahələrdə öz töhfəsini verəcək. Rizə - Artvin Hava Limanı həm bölgənin gözəlliklərini görməyə, həm də bu diyarda yaşayanları, öz yaxınlarını ziyarət etməyə gələnlərə yaxşı fürsətlər verəcək”.

Hava limanının önəmindən söz açan professor Hüseyn Karaman da bizimlə həmfikirdir. O da qeyd edir ki, Rizə - Artvin Hava Limanı Türkiyənin Qafqaza açılan qapısıdır. “Bu hava limanı ilə həm Qafqaza, həm də dünyaya açılacağıq. Məlum olduğu kimi, bu bölgədə böyük turizm potensialı var. Xüsusən də dənizlə yanaşı, sərin və yamyaşıl meşələrlə örtülü dağ turizmi ərəb ölkələrinin diqqətini çəkir. Bu bölgədə istehsal olunan məhsullar var və onların xarici bazara çıxarılmasında bəzi çətinliklər var, hansı ki, yeni açılan hava limanı həm ərəb turistləri bölgəyə çatdıracaq, həm də burada istehsal olunan məhsulları ölkənin başqa yerlərinə, hətta xarici bazara daşıyacaq. Bununla yanaşı digər ölkələrdən məhsulların bura gəlməsinə maddi-texniki yardım göstərəcək. Unutmamalıyıq ki, Rizə - Artvin bölgəsi ərəb dünyasının, xüsusilə də Körfəz ölkələrinin göz bəbəyidir”, - deyib H.Karaman.

Bölgədəki hava limanları ilə birlikdə yerli turizmin inkşafının sürətlənəcəyini, bunun isə öz növbəsində bölgənin iqtisadiyyatına, yerli əhalinin sosial güzəranının yaxşılaşmasına ciddi töhfə verəcəyini deyən müsahibimiz əlavə edib ki, bundan sonra insanlar buradan Rusiyaya, Qafqaza və Azərbaycana çata biləcəklər və bura nəqliyyat qovşağına çevriləcək.