Yeni tikilmiş Rizə - Artvin hava limanına ilk açılışı enişini Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev birlikdə edəcəklər.
Hafta.az-ın yazdığına görə, Türkiyənin dənizi qurutmaqla tikilmiş ikinci hava limanı olan Rizə - Artvin Hava Limanının açılışı mayın 14-də olacaq. Rizəyə 34, Hopaya 54, Artvinə 125 kilometr aralıda olan Pazar rayonunda tikilmiş hava limanına ilk olaraq yuxarıda qeyd etdiyimiz kimi, prezidentlər Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin təyyarələri enəcək. Prezidentləri daşıyan təyyarələrin enişindən sonra rəsmi tədbir başlayacaq və Rizə - Artvin Hava Limanının açılışı olacaq. Daha sonra prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin, eləcə də digər rəsmi qonaqların şərəfinə nahar veriləcək.
Rizə - Artvin Hava Limanının ildə 3 milyon sərnişinə xidmət etməsi nəzərdə tutulub. Hava limanının çay yarpağı şəklində giriş hissəsi və adi armudu stəkan formasında olan hava nəzarət qülləsi bölgənin atributuna çevrilmiş çayçılığı əks etdirir.
Ümumilikdə 47133 kvadratmetr qapalı hissəsi olan hava limanının içində türk çayının tanıdılmasına xidmət edən çayçılıq muzeyi və mini çay fabriki fəaliyyət göstərəcək.
Açılış mərasimindən sonra Rizə - Artvin Hava Limanına təyyarələrin uçuşuna start veriləcək.