Rus qazından imtina Aİ-yə zərər, ABŞ və İngiltərəyə qazanc gətirdi

10:10 07.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqının (Aİ) Rusiya qazına embarqo qoymasından və bu səbəbdən qaz almağı dayandırmasından sonra təbii qaza nə qədər pul ödədiyi bəlli olub.

Hafta.az-ın yazdığına görə, Avropa Statistika İdarəsinin (Eurostat) paylaşdığı cari məlumatlara görə, 2022-ci ilin fevral ayından etibarən Aİ qaz idxalına əvvəlki illərlə müqayisədə 185 milyard avro çox ödəyib və ümumilikdə 304 milyard avro xərcləyib. Hansı ki, bu rəqəm əvvəlki illərlə müqayisədə iki dəfə çoxdur.

Sanksiyaların qüvvəyə minməsindən əvvəlki il ərzində Avropa ölkələri qaza görə ayda orta hesabla 5,9 milyard avro ödəyirdi. Rusiya sanksiyalarından sonra bu rəqəm ayda 15 milyard avroya yüksəlib. Belə ki, Aİ-nin Rusiyaya tətbiq etdiyi təbii qaz sanksiyalarının bədəli Avropa ölkələri üçün ağır olub.

Sanksiyaların “ən çox faydalananları” ABŞ və Böyük Britaniyadır. Məlum olub ki, ABŞ 2022-ci ilin fevral ayından etibarən Aİ ölkələrinə təxminən 66,7 milyard avro dəyərində mayeləşdirilmiş təbii qaz (LNG) satıb. Bu müstəvidə ABŞ-ı 27 milyard avro ilə Böyük Britaniya izləyir. Norveç də 24 milyard avro əlavə mənfəət əldə etmiş kimi görünür. Əlcəzair isə son 20 ayda 21 milyard avro əlavə qazanc götürüb.

Rusiya bütün sanksiyalara baxmayaraq qiymətlərin artması və tədarük həcminin azalması səbəbindən əlavə 14 milyard avro qazanıb.

Digər gəlirli ölkə isə 14 milyard avro əlavə gəlir əldə edən Qətər olub. Eyni zamanda, Aİ-nin təbii qaz təchizatı siyasətinə yenidən baxılması nəticəsində Azərbaycan 12 milyard avro əlavə gəlir götürüb. Avropa ölkələri qaz üçün Anqolaya 5 milyard, Misirə 4 milyard, Trinidad və Tabaqoya 3 milyard avro ödəyib.

Nigeriya və Kamerun hər biri 2 milyard avro qazandığı halda, Liviya, Oman və Ekvatorial Qvineya hər biri 1 milyard avro əlavə gəlir əldə edib.