Rus sülhməramlılarının sayı artdıqca, vəziyyət daha da gərginləşir - Tofiq Abbaslı

16:18 21.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində həyata keçirdiyi təxribatlar 2 ay ərzində daha da intensivləşib. Rusiya hətta rəsmi səviyyədə erməni mənbələrinə istinad edərək, Azərbaycanı ermənilərə qarşı təxribat törətməkdə ittiham edir.

Rusiya sülhməramlıları yerləşdiyi ərazilərdə kənd, rayon adlarını ermənilərin qondarma adları ilə adlandırır. Rusiyanın rəsmi qəzetləri yenə də Qarabağı “respublika” kimi təqdim etməklə özünün əsl mahiyyətini və niyyətini ifşa edir. Belə bir şəraitdə Azərbaycan rus-erməni təxribatına və diplomatiyasına qarşı hansı addımları atmalıdır?

Bu barədə hafta.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, bu gün Rusiya diplomatiyasının yanlış, çaşqın yanaşmasının şahidi oluruq. Onun sözlərinə görə, əgər Rusiyanın təşəbbüskarlığı ilə üçtərəfli saziş bağlanıbsa, deməli bu, Rusiya tərəfindən məqbul sayılan addım olub:

“O sənəddə 9 bənddən ibarət razılaşma var və hər kəs üzərinə düşən öhdəliyi yerinə yetirməli idi. Amma biz gördük ki, Rusiya sülhməramlı kontingenti 2000-ə yaxın olmalı idisə, ində 8-9 min nəfərdir. Əgər sayları çoxalıbsa, deməli bunların görən gözləri də, eşidən qulaqları da artıb. Deməli, rus sülhməramlıları nisbətən yığcam ərazidə bütün nəzarəti öz üzərinə götürməklə heç bir narahatlıq, heç bir toqquşmaya yol verməməli idi. Amma görürük ki, rus sülhməramlılarının bölgədə sayı artdıqca, əksinə vəziyyət daha da gərginləşir, təxribatların sayı artır”.

Politoloq bildirib ki, yaranmış son vəziyyət ondan xəbər verir ki, Rusiya sülhməramlı kontingentini regionda saxlamaq üçün təxribatlar yaratmaqda maraqlıdır. Rusiya istəyir ki, bölgədə sabitlik olmasın və beləliklə regionda qalmalarını təmin etsinlər.

T.Abbasov Rusiyanın bölgədə hansı təxribatlara rəvac verməsindən asılı olmayaraq Azərbaycanın hüquqi baxımdan öz sərhəd bütövlüyünü təmin etdiyini qeyd edib. O, bildirib ki, Qarabağda yaşayan ermənilər, ruslar -hamısı Azərbaycan ərazilərindədir və onların istənilən davranışları Azərbaycanın nəzarətində olmalıdır.  Azərbaycan üçün maraqlı olan və lazım olan odur ki, Rusiya sülhməramlıları öz səlahiyyətlərinin çərçivəsindən çıxmasınlar.  Bizim tələbimiz odur ki, normal işlərini aparıb ikilistandartlara varmasınlar. Saxtakarlıq, yalançılıqla Rusiya mətbuatında, kanallarında özlərini humanist kimi təqdim edirlər. Bunların heç biri rus sülhməramlılarının Qarabağdakı missiyası ilə uzlaşmır. Onlar bilməlidir ki, əgər humanistlik edib insanlara kömək edirlərsə, Azərbaycan əhalisinə də kömək etməlidirlər. Rusiyanın Qarabağda humanizm adı ilə apardığı saxta siyasət deqredasiya siyasətidir.

Politoloq hesab edir ki, Rusiyanın apardığı bu yanlış siyasət həm ermənilərin, həm də Rusiyanın əleyhinə işləyəcək. Çünki biz tutduğumuz məramdan geri dönən deyilik. 

“Bizim əldə etdiyimiz qələbə bu prosesin nöqtəsidir. Onlar Azərbaycanı bu prosesdən dayandıra bilməyəcəklər. Ortada olan budur ki, Azərbaycan ərazi bütövlüyünü təmin edib. Ermənilərin, rusların sərsəm iddialarının heç bir əsası yoxdur.

Ruslara elə gəlir ki, əgər onlar ermənilərə kömək etsələr, dünyada nüfuz sahibi olan erməni diasporaları  rus diplomatiyasına kömək edəcək.  Bu yanlış yanaşmadır.  Erməni diasporası Rusiya dövləti ilə heç bir strateji əlaqələr qurmaq istəmir”.

T.Abbasov bildirib ki, bu gün Rusiya diplomatiyasının ən ağır dövrü başlayıb. Rusiya dövlətinin siyasəti dəyişməlidir.  Qarabağ məsələsi ilə bağlı saxta yol tutamaq, yanlış siyasət yeritmək Rusiya diplomatiyasına baha başa gələcək.  Ancaq Azərbaycanın diplomatiyasi elə bir səviyyəyə çatıb ki, bizi təkzib etmək mümükün deyil”.

Oxunma sayı 146
Siyasət rubrikasından digər xəbərlər