“Rusiya üçün Qarabağın itirilməsi Qafqazın itirilməsidir” - Rusiyalı siyasətçi

09:50 22.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskvadakı Qorçakov Fondunda keçirilən tədbirdə çıxış edən Qara dəniz-Xəzər regionu Siyasi və Sosial Tədqiqatlar İnstitutunun direktoru, məşhur türkoloq Viktor Anatolyeviç Nadein-Rayevski bildirib ki, Rusiya üçün Qarabağın itirilməsi Qafqazın itirilməsi deməkdir və bu Rusiya üçün qəbuledilməzdir.

Hafta.az-ın yazdığına görə, keçmiş Dağlıq Qarabağdakı hadisələri Rusiya üçün geosiyasi itki kimi qiymətləndirən rusiyalı şərqşünas vaxtilə Dağlıq Qarabağ əhalisinin bütün Cənubi Qafqazda ən rusiyapərəst təbəqə olduğunu qeyd edib.

Nadein-Rayevskinin fikrincə, İrəvan Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdıqdan və onun sülhməramlıları “xarici ölkələrdə sadə müşahidəçilərə çevrildikdən” sonra Rusiya özünü vakuumda hiss etdi və başa düşdü ki, artıq edə biləcəyi heç nə yoxdur.

Ermənipərəst mövqe sərgiləyən rusiyalı ekspert iddia edib ki, Ankara və Bakı Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesinin başa çatması və Qarabağ probleminin tam həlli məqsədilə vaxtı çox yaxşı seçiblər - Rusiyanın Ukraynada və Suriyada müharibədə iştirak etməsindən dolayısı düşdüyü vəziyyətdən çox məharətlə istifadə ediblər.

Ekspertin fikrincə, Rusiyanın daha sərt tədbirlərlə bağlı qərar vermək səlahiyyəti olmayıb. Sülhməramlıların edə biləcəyi yeganə şey Dağlıq Qarabağdakı ermənilərin təxliyyəsinə kömək etmək idi.

Erməni aşiqi şərqşünas “türkçülüyün Rusiya üçün artan təhlükəsindən narahatlığını da” ifadə edib. Bildirib ki, türçülüyün güclənməsi həm Ermənistan, həm də Rusiya üçün son dərəcə təhlükəlidir.

Türkiyənin Orta Asiyada artan roluna diqqət çəkən ekspert Ankaranın 30 ildir ki, postsovet coğrafiyasında aktiv fəaliyyət göstərdiyini bildirərək, Rusiyadakı muxtar respublikaların yarıdan çoxunda türkdilli xalqların yaşadığını xatırladıb. O, Türkiyənin “bir millət, iki dövlət” siyasətində uğur qazandığını və Azərbaycanı özünə, NATO-ya yaxınlaşdırdığını, bu mərhələdə oxşar siyasətlərin Qazaxıstan və Azərbaycan vasitəsilə Rusiyaya da yayıldığını bildirib.