Rusiyada evlənən cütlüklərin 73 faizi bir müddət sonra boşanmağa qərar verir.
Hafta.az-ın yazdığına görə, “Novye İzvestiya” qəzeti yazır ki, Rusiya boşananlarına sayına görə, dünyada dördüncü ölkədir. İlk üç yer Portuqaliya, İspaniya və Lüksemburqa məxsusdur. Dördüncü yerdə Rusiya, sonrakı yerlərdə isə Ukrayna, Finlandiya və Kuba qərarlaşıb. Ukraynada evlənən cütlüklərin də 70 faizi sonradan boşanır. Türkiyədə bu nisbət 25 faizdir. Siyahının sonunda isə 1 faizlə Hindistan dayanır.
Rəsmi məlumatlar Rusiyada son üç ildə boşanmaların sayının artdığını göstərir. “Rosstat”ın məlumatına görə, 2022-ci ildə yollarını ayıran cütlüklərin sayı 683 min nəfər olub. 2023-cü ilin ilk yeddi ayında boşananların sayı 400 mini keçib.
Psixoloqların fikrincə, boşanmaların sayının artmasında üç əsas amil var. Bunlar pandemiya zamanı geniş yayılmış təcrid və uzaqdan işləmə, Ukraynadakı müharibədən sonra dərinləşən siyasi fikir ayrılıqları və pis xəbərlərin artmasıdır.
Portala danışan psixoloq Aleksey Roşin müharibə başlayandan sonra rus qadınların kişilərə və evliliyə baxışının dəyişdiyi qənaətindədir. Roşin kişilərin də qorunmağa ehtiyacı olan varlıqlar olduğunun dərk edilməsinin evlilikləri sarsıtdığını müdafiə edir.
Müharibə başlayandan və qismən səfərbərlik elan edildikdən sonra bir çox yetkin kişi Rusiyanı tərk edib.