Ruslar üçün ən bahalı şəhər İrəvan, ən ucuzu isə İstanbuldur

09:45 26.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son zamanlar Rusiya federal mətbuatında ən çox yayılan mövzulardan biri də müharibədən sonra ölkəni tərk edərək xaricdə məskunlaşan Rusiya vətəndaşlarının həyatının günü-gündən bahalaşması xəbərləridir. Bu iqtisadi çətinliklərə görə bir çox rusiyalının ölkəyə qayıtdığı da bildirilir.

Hafta.az-ın “Komsomolskaya Pravda”ya istinadən yazdığına görə, ötən ilin yazından bu yana nə qədər insanın Rusiyanı tərk etməsi ilə bağlı statistika birmənalı deyil. Ancaq bir şey dəqiqdir ki, onların əksəriyyəti qonşu ölkələrdə məskunlaşıb. Köçməyin ən asan olduğu MDB ölkələrinə tələb daha çox olub. "Gedənlər üçün həyat Rusiyadan, xüsusən də Moskvadan daha əsiz idi. Amma iqtisadiyyatın tələb-təklif qaydası işləyirdi. Orada da qiymətlər sürətlə artdı. Qonşu dövlətlərin paytaxtlarında yaşayış xərcləri kəskin şəkildə yüksəldi”, - məlumatda deyilir.

“Ostorojna Media”nın “Numbeo” ölkə və şəhər məlumat saytına əsaslanaraq apardığı araşdırmada bir otaqlı mənzil kirayələmək, kafedə qəhvə içmək, kinoteatra getmək, supermarketdə bir həftəlik alış-veriş etmək, taksiyə minmək, restoranda nahar etmək, fitnes mərkəzi, sürətli internet və mobil telefon abunəsi və sair insanların aylıq zəruri ehtiyaclarına daxildir.

Bu hesablamaya görə, İstanbul hələ də minimum büdcə ilə bir otaqlı evdə məhdud həyat sürə bilənlər üçün "ən ucuz" şəhər olaraq seçilir. Başqa şəhərlər isə, xüsusən də, Moskvadan daha bahalı görünür.

Rusların ən intensiv miqrasiya etdiyi şəhərlərdə orta aylıq yaşayış xərcləri belədir: İrəvanda 1395 dollar, Tbilisidə 1142 dollar, Belqradda 1124 dollar, Almatıda 961 dollar, Moskvada 945 dollar, İstanbulda 873 dollar.

Moskvada bəzi mal və xidmətlərin qiymətləri müxtəlif şəhərlərlə müqayisə edilib. Moskvichmag.ru saytı da Numbeo platformasının məlumatları əsasında hazırladığı cədvəldə Moskva və İstanbuldakı qiymətləri müqayisə edib.

Saytın məlumatına görə, 13 sentyabr 2023-cü il tarixinə Moskva və İstanbulda bəzi mal və xidmətlərin orta qiymətləri aşağıdakı kimidir:

Araşdırmada Moskva ilə İstanbulun bir çox sahələrdə qiymət müqayisəsi də aparılıb.  Məsələn, mərkəzi rayonlarda 1 otaqlı mənzilin orta kirayəsi Moskvada 717 dollar, İstanbulda 674 dollar, 85 kvadratmetr üçün mənzil xidmətlərinin hesab-fakturası Moskvada 104 dollar, İstanbulda 60 dollar, aylıq idman zalı abunəliyi Moskvada 34 dollar, İstanbulda 33 dollar, əsas yemək səbəti Moskvada 31 dollar, İstanbulda 38 dollar, ictimai nəqliyyatın aylıq qiyməti Moskvada 27 dollar, İstanbulda 29 dollar, qeyri-lüks restoranda nahar Moskvada 7 dollar, İstanbulda 7 dollar, mobil telefon hesabı və 10 GB mobil internet Moskvada 6 dollar, İstanbulda 7 dollar, kino bileti Moskvada 5 dollar, İstanbulda 5 dollar və sair.