“Mən Dağlıq Qarabağın(keçmiş, ləğv olunmuş-S.L.) prezidenti(qondarma-S.L.) Samvel Şahramanyandan Ermənistana vertolyotla necə gəlib çatması ilə bağlı suala cavab almışam, lakin digər keçmiş prezidentlər(qondarma-S.L.) bunu etməyiblər.
Hafta.az xəbər verir ki, bunu noyabrın 24-də İrəvanda jurnalistlərlə söhbətində 44 günlük müharibədə baş verənlərin öyrənilməsi üzrə İstintaq Komissiyasının sədri, hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Andranik Köçəryan bildirib.
Lakin o, təfərrüatları açıqlamayıb. "İstintaq komissiyasının rəyini gözləyin", - deyə deputat nəzərə çatdırıb.
O bildirib ki, istintaq komissiyasının iclaslarına iki nəfər - Tiran Xaçatryan və Movses Akopyan (Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisləri - red.) gəlməkdən imtina ediblər.
“Əvvəlcə Movses Akopyan gəlmək istədi, amma sonra istəmədi. Vardan Oskanyan isə (Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri – red.) komissiyaya gəlmədən belə ifşalarla məşğul idi... Mən həmişə Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyandan sitat gətirirdim, o deyirdi ki, İstintaq komissiyasının verdiyi fürsətdən imtina etmək ən azı axmaqlıqdır”, - A.Köçəryan belə deyib.