İrəvan regionda separatizm kartını dirçəltməyə çalışır. Üç il əvvəl 44 günlük savaşın nəticəsində Azərbaycan ərazilərindən qovulan separatçı rejim, indi də Ermənistanda “Qarabağ Parlamenti” adlı toplantılar keçirir, revanşizmi genişləndirmək üçün çapalayır. Siyasi təhlilçilər hesab edirlər ki, bu toplantı erməni separatçılarının özünü tam buraxmaq haqqında qərarı ilə ziddiyyət təşkil edir. Bu məsələnin yenidən gündəmə gətirilməsi, Ermənistanın əsl mahiyyətini, revanşist niyyətlərinin dəyişmədiyini bir daha göstərir.
Milli Məclisin deputatı Musa Quliyev “Həftə içi”nə açıqlamasında erməni separatçılarının “Qarabağ parlamenti” adında toplantılar keçirməsinin heç bir əhəmiyyətinin, mənasının olmadığını deyib:
“Qondarma separatçı rejim özünü buraxıb. Mövcud olduğu dövrdə özlərindən başqa heç kəs onları tanımadı. Qarabağdan gedəndən sonra separatçı rejimin rəhbərlərindən olan Şahmaryan təşkilatı buraxdıqlarını elan etdi. İndi qondarma “Qarabağ Parlamenti”ndə nə danışacaqlarsa, bu nə Azərbaycan, nə Ermənisan, nə də Qarabağdan getmiş ermənilər üçün maraqlı deyil, real ola bilməz. Ermənilər özlərinin mövcudluğunu qorumaq istəyirlərsə, Azərbaycanla sülh imzalamalı, bölgədə iqtisadi, sosial və digər problemlərin həlli ilə məşğul olmalı, əməkdaşlığa başlamalıdırlar”.
M.Quliyev Fransa, ABŞ-ın Azərbaycana təsirləri kontekstində regionda qurulan oyunların arxasında sülhü əngəlləmək, daxili sabitliyin pozulması niyyətlərinin dayandığını bildirib. O, prosesin heç də tək Azərbaycan və Ermənistanla bağlı olmadığını, bölgə üzərində gizli və aşkar savaşların getdiyini deyib.
“Məsələ bölgəyə kimin “kəndxudalıq” etməsi ilə bağlıdır. Rusiya bu bölgə ilə qonşu olduğuna və tarixi ənənələrinə görə özünün mövqelərini qoruyub saxlamışdı. Ukrayna-Rusiya müharibəsi başlayandan sonra isə Qərbin Rusiyaya qarşı hücumları, o cümlədən onun bölgədən sıxışdırılıb çıxarılması siyasətini ortaya atdı. Əvvəl Fransa, sonra Almaniya, ABŞ açıq şəkildə bölgədə nüfuz uğrunda savaşırlar. Düşünməlidirlər ki, bölgədə Azərbaycan kimi qüdrətli bir dövlət və onun Türkiyə kimi strateji müttəfiqi varsa, hər hansı oyunlar, riyakar, xəyanətkar addımlarla bölgəyə girmək mümkün deyil. Bölgəyə ancaq sülhlə, əməkdaşlıqla, hər iki tərəflə əməkdaşlıqlar qurmaqla girmək olar. Bunu Azərbaycan Prezidenti dəfələrlə öz çıxışlarında bəyan edib”.
M.Quliyev ABŞ-nin Azərbaycana qarşı siyasətində qeyri-standart yanaşmalarını önə çəkib. Deputat Azərbaycan siyasilərinin ABŞ Departamenti səviyyəsində Amerikaya buraxılmaması ilə bağlı fikir irəli sürüləndən iki gün sonra Blinkenin cənab Prezidentə zəng vuraraq nümayəndələrinin Azərbaycana buraxılmasını xahiş etməsini qeyd edib: “Bu onu göstərir ki, Amerikanın siyasətində stabillik yoxdur, emosiyalara əsaslanan siyasət aparır. Bu mənada hesab edirəm ki, Blinkenin fikrini dəyişməsi və cənab Prezidentə zəng etməsi onu göstərir ki, bölgədə əməkdaşlıq edilən etibarlı dövlət yalnız Azərbaycandır”.
Politoloq Qabil Hüseynli bildirir ki, bu, sülh müqaviləsinin bağlanması ilə bağlı beynəlxalq ictimai rəyə təsir göstərmək üçün verilən qərardır: “Ermənistan hakimiyyət orqanları Qarabağla bağlı hər hansı siyasi qurumun və yaxud da qondarma qurumun ölkənin ərazisində iclas keçirməsinə razılıq verməyəcəyi sözünü verib. Amma revanşist qüvvələr, hakimiyyət nümayəndələri nəzərə çarpdırmadan “Qarabağ kartını” oynamaqda davam edirlər. Əgər revanşistlər bu məsələni daha radikal formada çözməyi tələb edirlərsə, iqtidar mənsubları məsələni beynəlxalq təşkilatların və iri dövlətlərin təzyiqi ilə həyata keçirmək taktikasını müdafiə edirlər”.
Q.Hüseynli bütün bu cəhdlərə baxmayaraq, “Ermənilərin qatarı çoxdan gedib”, – deyə onların Qarabağın dağlıq hissəsinə yenidən qaytarılmasının mümkün olmayacağını bildirir: “Saxta tarixin bir daha təkrarlanmasına imkan verilməyəcək. Əzəli qədim Azərbaycan torpaqlarında yalnız azərbaycanlıların yaşamasına icazə verə bilər. Ermənilər könüllü şəkildə o əraziləri tərk etdiyinə görə bir daha ora qayıtmaq hüquqlarını itiriblər”.
“Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi ekspert Ramil Hüseynov qeyd edib ki, Ermənistan belə bir qurumun onlara heç bir aidiyyəti olmadığını rəsmən bildirib. Eyni zamanda qeyd edir ki, Ermənistanda bir neçə ölkəyə, bir neçə xarici qrupa və onların maraqlarına xidmət edən quvvələr mövcuddur və onlar bu yanlışları ilə Ermənistanı uçuruma aparırlar.
“Nəinki qondarma “Qarabağ parlamenti”nin iclasını keçirmək, Ermənistan bir dövlət olaraq özünün siyasi idarəetmə qabiliyyətini itirib və bu siyasi müvazinətsizliyin əsirinə çevrilib. Onların boş revanşist davranışlarının, addımlarının və bəyanatlarının heç bir hüquqi-siyasi əsası yoxdur. Bu hərəkətlər bir daha sübut edir ki, Ermənistan dövləti separatizmin tibbi dildə desək, beyin xərçənginə tutulub. Bu siyasi xəstələrlə dünya ictimaiyyəti, bəşəriyyətin “siyasi həkimləri” ciddi məşğul olmalıdır. Dünyada baş verən proseslər bunu diqtə edir. Bu xəstəlik müalicə olunmasa, regiona və daha sonra dünyaya mənfi təsirini gösdərəcək. Biz dövlət olaraq bu xəstəliyi öz müalicə metodumuzla sağaltmağa çalışdıq və çox böyuk naliyyətlərlə uğur qazandıq. Amma təəssüf ki, bəzi dövlətlər, hətta guya demokratik dəyərlərə xidmət edənlər bu uğurlu qələbədən özlərini təcrid edirlər. Yaxın gələcəkdə onların bizim doğru addım atmağımızla bağlı qənatə gəlməyinin etirafını görəcəyik. Biz o xəstəliyin heç bir halda sərhədlərimizi aşmasına imkan verməyəcəyik”.
Politoloq Aytən Qurbanova qeyd edir ki, ilk növbədə, heç vaxt olmayan və heç bir dövlət tərəfindən tanınmayan bir rejimin özünü buraxmaq qərarı qəbul etməsi kifayət qədər absurd bəyanatdır. Onun qənaətinə görə, ümumiyyətlə, nə qondarma rejimin, nə də Ermənistanın hərbi-siyasi hakimiyyətinin heç bir nümayəndəsinin bugünə qədər verdiyi bəyanatlar etibarlı mənbə olaraq qəbul edilməyib:
“Onlar bütün fəaliyyətlərini hər zaman yalan üzərində qurublar. Ona görə də ilk fürsətdə yenə “gizli toplantılar”ın keçirilməsi təəccüb yaratmır. Digər tərəfdən, qondarma qurumun hər hansı “fəaliyyəti” heç bir halda bizim üçün ciddi təhdid formalaşdıra və ya siyasi təsir mexanizminə çevrilə bilməz”.
Siyasi ekspert Qulu Məhərrəmli bildirir ki, Ermənistanda separatçı qruplar Qarabağ ermənilərini yenidən təşkilatlanmağa, komitə yaratmağa, parlament düzəltməyə sövq edirlər. Onun qənaətinə görə, bu prosesin qarşısında Sarkisyan, Köçəryan, Petrosyan kimi rusiyameyilli qruplar dayanır: “Məqsəd tək Azərbaycana qarşı deyil, həm də Ermənistanın daxilində gedən proseslərə təsir etmək, Ermənistanın Qərbə meyillənməsinin qarşısını almaq, Ermənistan-Qərb, Ermənistan-Avropa Birliyi dialoqunu ləngitmək, onu nəticəsiz hala gətirməkdən ibarətdir. Bunun heç bir perspektivi yoxdur. Ermənilərin siyasət adamları 44 günlük müharibədən sonra elan etmişdilər ki, Dağlıq Qarabağ ermənilərinin heç bir gələcəyi yoxdur. Ona görə istər Ermənistan, istər Rusiyada separatizmi alovlandırmağa çalışan qüvvələrin cəhdləri, xüsusilə də özlərinə yaxşı heç nə vəd etmir”.
Politoloq Natiq Cəfərli bildirir ki, hansı bəhanələrlə gündəm yaratmağa çalışsa da, ermənilərin separatizmi alovlandırmaq imkanları, fürsətləri bitib. Onun sözlərinə görə, ermənilər özlərinə hansısa virtual dünya qura, qərarlar verə bilərlər: “Reallıq tam əksini deyir. Qondarma qurum olsa da, onun buraxılması ilə bağlı rəsmilərin imzası var. Sadəcə müəyyən problemlər yaratmağa çalışacaqlar. Hansısa rəsmi qurum kimi fəaliyyət göstərmələri isə mümkün deyil”.