Səudiyyə Ərəbistanı və BƏƏ Pakistana 50 milyard dollar sərmayə yatıracaq

11:00 05.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanın müvəqqəti baş naziri Ənvarul Hak Kakar, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) milyardlarla dollar investisiya gözlədiklərini söyləyib.

Hafta.az-ın yazdığına görə, Kakar Səudiyyə Ərəbistanı və BƏƏ-nin qarşıdakı üç il ərzində Pakistanın müxtəlif sektorlarına ümumilikdə 50 milyard dollar sərmayə qoyacağını açıqlayıb.

Kakar Səudiyyə Ərəbistanının Pakistanda mədənçilik, kənd təsərrüfatı və informasiya texnologiyaları sektorlarına sərmayə qoyacağını deyib. Bildirilir ki, Səudiyyə Ərəbistanı və BƏƏ iyunda Pakistanda yaradılmış Özəl İnvestisiyaların Asanlaşdırılması Şurası (SIFC) vasitəsilə investisiya yatıracaqlar.

Xaricdən, xüsusilə də Körfəz ölkələrindən sərmayə cəlb etməyi hədəfləyən şurada hökumət rəsmiləri ilə yanaşı, Pakistan ordusunun adları da yer alacaq.

İqtisadi böhran içində olan Pakistanda xarici sərmayələri ölkəyə cəlb etməklə ticarət kəsirlərinin bağlanması və xarici borcların ödənilməsi hədəflənir.

Məlumdur ki, Pakistan iqtisadiyyatının ən böyük problemlərindən biri korrupsiyadır. Ölkədə korrupsiyaya hər il milyardlarla dollar xərcləndiyi və bunun ölkə iqtisadiyyatına böyük zərbə vurduğu qeyd edilir. Korrupsiyanın ən yüksək olduğu qurumların “ölkəni pərdə arxasında idarə etdiyi” bildirilən ordu və kəşfiyyat qurumları olduğu vurğulanır.