Son 10 ildə qətlə yetirilən İRANLI ALİM VƏ ZABİTLƏR

12:31 31.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son illər İranda tanınmış fiziklər, nüvə sahəsində əməyi keçən alimlər müəmmalı şəkildə qətlə yetirilir. Ən sonuncusu isə təxminən 1 həftə öncə - mayın 22-də hücuma məruz qaldı. Həmin şəxs  Tehran yaxınlığında sui-qəsdə uğrayan Qüds Qüvvələrinin yüksək çinli zabiti Səyyad Hüdayi idi.

Hafta.az-ın yazdığına görə, rəsmi Tehran həmin qətllərin birmənalı şəkildə Qərb və ya İsrail kəşfiyyatı tərəfindən icra edildiyi bildirilir. Əlbəttə, bu sui-qəsdlərin konkret ssenari əsasında həyata keçirildiyi gün kimi aydındır, amma kimlər tərəfindən və necə edildiyini isbatlamaq lazımdır. Ən yaxşı isbat isə həmin sui-qəsdçilərdən heç olmaya birinin ələ keçirilməsi olardı...

- 2010-cu il yanvarın 12-də Tehran Universitetinin molekulyar fizika sahəsində araşdırmalar aparan professoru Məsud Əli Məhəmmədi paytaxt Tehrandakı evindən çıxarkən motosikletə quraşdırılmış bombanın bartladılması nəticəsində həlak olub. 

- 2010-cu il noyabrın 29-da nüvə proqramın ən vacib layihəsinə rəhbərlik edən, İran Nüvə Dərnəyinin qurucusu Məcid Şəhriyari Tehran şəhərində avtomobilinə yerləşdirilmiş bombanın partladılması nəticəsində dünyasını dəyişib. 

- Yenə noyabrın 29-da nüvə sahəsində araşdırmalar aparan başqa bir alim, həmin dövrdə millət vəkili olan Firidun Abbasi də avtomobilinə quraşdırılmış bombanın bartladılması nəticəsində həlak olub. 

- 2011-ci il iyulun 23-də böyük alim Daryuş Rezainejad Tehranda kimliyi bilinməyən, motosikletli silahlılar tərəfindən odlu silahla vurularaq qətlə yetirilib. İran mediasına görə Rezainejad Atom Enerjisi Qurumu və Müdafiə Nazirliyi üçün çalışannüvə fiziki idi, amma həmin vaxtlar mərhumun elektrik enerjisi sahəsində araşdırmalar apardığı da üçzə çıxmışdı. 

- 2011-ci il noyabrın 12-də Tehran şəhərinin ətrafında yerləşən İnqilab Keşikçiləri Korpusunun sürsat anbarında baş verən partlayışda ordu generalı Həsən Tehrani Müqəddəm də daxil olmaqla, Korpusun ən azı 36 hərbçisi həlak oldu. O dövrdə "Los Angeles Times" yazırdı ki, partlayışı ABŞ-ın kəşfiyyat agentləri tərəfindən hazırlanan plan əsasında İsrail kəşfiyyatçıları törədib.

- 2012-ci il yanvarın 11-də Natanz Nüvə Mərkəzində çalışan elm adamı Mustafa Əhmədi Ruşen, Tehranın şərqindəki Əllamə Təbətebai Universiteti yaxınlığında avtomobilinə yerləşdirilmiş bombanın işə düşməsi nəticəsində həlak olub. Bu hadisədən sonra da rəsmi Tehran məsuliyyəti birmənalı şəkildə ABŞ və İsrailə yüklədi.

- 2020-ci il yanvarın 3-də Qüds Qüvvələrinin komandanı, general Qasim Süleymani Bağdatda ABŞ-a məxsus İHA tərəfindən hücuma məruz qalıb. İHA-dan atılan raket zərbəsi nəticəsində general həlak olub. 

- 2020-ci il noyabrın 27-də nüvə proqramının hərbi və təhlükəsizlik bölümlərinin yüksək rütbəli nümayəndəsi, Müdafiə nazirinin araşdırma işlərindən məsul müavini Mühsin Fəxrizadə Tehran yaxınlığında qətlə yetirilib...